Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqtisadiyyat

ərəbcə

1. Cəmiyyətin mallara və xidmətlərə tələbatının məhdud vəsaitlərlə maksimal dərəcədə ödənilməsi üsullarını, bu mal və xidmətlərin istehsalı, bölgüsü, satışı prosesində insanlar arasında yaranan münasibətləri öyrənən elm.

Makroiqtisadiyyat istehsal və bölgü sisteminin qanunauyğunluqlarını, habelə ictimai məhsulun, milli gəlirin həcmi, strukturu, keyfiyyəti, artımı, sosial tələbatın təminolunma səviyyəsi, məşğulluq və bu kimi problemləri araşdırır, onların həlli yollarını axtarır. Pozitiv iqtisadi nəzəriyyə mövcud vəziyyəti və perspektivləri təhlil edərək iqtisadi siyasətin hədəflərini – məqsədləri müəyyənləşdirir. Normativ iqtisadi nəzəriyyə İ.-ın təşkilinin sosial ədalət və səmərəlilik baxımından ən yaxşı üsullarını axtarır və faktik olaraq iqtisadi məqsədlərin reallığını yoxlayır, hədəfləri korrektə edir. Mikroiqtisadiyyat isə istehsal və istehlakın bilavasitə təşkili və idarəçiliyi ilə məşğul olur, İ.-ın özəyini təşkil edən müəssisələrdə tətbiq etmək üçün ən çevik, əlverişli modelləri seçir, az xərclə daha çox və keyfiyyətli məhsul buraxılmasına çalışılır.

2. İnsanların mallara və xidmətlərə olan tələbatı ödəmək üçün istifadə etdikləri üsulların, obyektlərin məcmusu, ümumi təsərrüfat.

İ. “ekonomika” termininin sinonimidir. Bu termin ilk dəfə e.ə. IV əsrdə  qədim yunan alimi Ksenofontun əsərinin adında işlədilib (oikonomike), hərfi mənada “ev təsərrüfatının idarə olunması bacarığı” anlamı verir.

Coğrafiya terminləri lüğəti