Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İQRAR ərəb.

iqrar sözündən olub, dilimizdə ifadə etmə, dil ilə söyləmə, şüur, dil ilə təsdiq etmə, etiraf, qərarlaşdırma, yerbəyer etmə, sözündə möhkəmlik, əhdində vəfalı olma, səbat, sədaqət, vəfa, həmçinin təsdiq, etiraf, qəbul, qərar, qənaət, hökm anlamlarını ifadə edir.

 

Qeyd etmək lazımdır ki, bu gün iqrar ümumişlək sözlərdən olmasa da, poeziyada tez-tez rast gəlinən ifadələrdəndir. Məcazi mənada əhdində vəfalı, sədaqətli, sözünə əməl edən, sözündən, vədindən dönməyəndir. İqrar kişi adı sözün məcazi mənası ilə əlaqədardır. Adın daşıyıcılarından Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biri, tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Əməkdar Elm Xadimi İqrar Əliyev (1924-2004) ilk dəfə qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövrləşdirməyə cəlb etmişdir. Azərbaycan Elmlər Akademiyasında qədim dövr tarixi üzrə ilk elmlər doktoru olan İ.Əliyev 150-dən çox nəşr olunmuş əsərin, о cümlədən, 10 monoqrafiyanın müəllifidir. İqrar kişi adı bu gün məişətimizdə nadir adlardan hesab edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti