İlin şərti olaraq bölündüyü, əsasən, orta temperatur və rütubətlilik dərəcəsi fərqi ilə səciyyələnən dörd dövr.
Fəsillərin (mövsümlər) bölgüsü müxtəlif cür aparılır. Təqvim üzrə fəsillər dünyanın əksər ölkəsində ilin 12 təqvim aylarını hər biri 3 aya bərabər olan 4 mövsümə bölməklə müəyyənləşdirilir. Astronomik mövsümlər – gündönümü (yay və qış) və gecə-gündüz bərabərləşməsi (yaz və payız) hadisələrindən asılı olaraq dəyişir. Ekliptika (Günəşin göy qübbəsində gözlə görünən hərəkət dairəsi) 90°-lik dörd sektora bölünür. Hər sektor – bir fəsildir. Günəş bu yolun başlanğıcında olanda (0°), martın 21-də yaz gecə-gündüz bərabərliyi hadisəsi baş verir və Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız girir. İyunun 22-də Günəş ikinci sektora çatır (90°), yay gündönümü olur və yay fəsli (Cənub yarımkürəsində qış fəsli) başlayır. Sentyabr ayının 23-də Günəş üçüncü sektorun sərhədinə yetir (180°), payız gecə-gündüz bərabərliyi baş verir və fəsil yenidən dəyişir (Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz). Nəhayət, 22 dekabrda Günəş hərəkət trayektoriyasının son mərhələsinə girir (270°), qış gündönümü olur və qış (Cənub yarımkürəsində yay) başlayır.
Coğrafiya terminləri lüğəti