Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü.
Bu termin marksizm klassikləri tərəfindən elmi dövriyyəyə daxil edilib və birinci ictimai-iqtisadi formasiya anlamında işlədilib. Marksizmə görə, İ.İ.Q. ictimai inkişafın sonrakı mərhələlərindən xüsusi mülkiyyətin, siniflərin və dövlətin olmaması ilə fərqlənib. Sonuncuların yaranması ilə həmin quruluşun mövcudluğuna son qoyulub. İ.İ.Q. terminindən postsovet məkanında, o cümlədən Azərbaycan tarixşünaslığında geniş istifadə olunur. Dünyanın əksər ölkələrində isə ondan və ümumiyyətlə, tarixin marksist dövrləşmə sistemindən çoxdan imtina edilib. Dünya elmində bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsini ifadə etmək üçün “tarixöncəsi” və ya “prehistory” (lat. præ – öncə + yun. historia – tarix) terminlərinə üstünlük verilir. “Prehistory” dönəmi insanın yaranmasından yazının icad edilməsinə kimi (e.ə. III minillik) böyük bir zaman kəsimini əhatələyir.
Tarix terminləri lüğəti