Qədim Yunanıstanın e.ə. 621-ci ildə afinalı Drakon tərəfindən tərtib edilmiş ilk yazılı qanun toplusu.
D.Q. həddindən artıq sərt olduğu üçün əhali onları «qanla yazılmış qanunlar» adlandırıb. Burada təsadüfən adam öldürmüş şəxsin şəhərdən qovulması, bilərəkdən qətl törətmiş şəxsin isə edam edilməsi nəzərdə tutulub. Qanunlar varlıların mənafeyini də gözləyib: zərər çəkmiş tərəfə pul ödənilməsi yolu ilə məsələnin dinc həlli variantı mümkün sayılıb. Eyni zamanda D.Q. qan davasını məhdudlaşdırıb, qatilin özbaşına cəzalandırılmasını qadağan edib. Bu qanunlar, əsasən, Solonun islahatlarına qədər (e.ə. 594-cü ilədək), onların müəyyən müddəaları isə islahatlardan sonra da qüvvədə qalıb. Yiyəlik halında toplu müəllifinin adı yunanca «Drakontos» (Drakontun) kimi səsləndiyi üçün həmin sənədə bəzən «Drakontun qanunları» da deyilir.
Tarix terminləri lüğəti