ing. design < lat. designare – müəyyənetmə, fikrində tutma
1. Hər hansı məhsulu istehsal etməzdən, obyekti quraşdırmazdan öncə onun vizual görünüşünün, funksional və estetik keyfiyyətlərinin layihələndirilməsi.
2. Hər hansı məhsulu istehsal etməzdən, obyekti quraşdırmazdan öncə onun vizual görünüşünü, funksional və estetik keyfiyyətlərini əyani şəkildə nümayiş etdirən layihə, plan, rəsm.
D. anlayışının bir çox izahları mövcuddur. D. üzrə təşkilatların Beynəlxalq Şurasının 1969-cu ildə verdiyi tərifə görə, D. dedikdə «sənayedə istehsal olunan əşyaların xarici görünüş», ən başlıcası isə «struktur və funksional əlaqələr baxımından formal keyfiyyətlərini müəyyənləşdirmək sahəsində yaradıcı fəaliyyət» nəzərdə tutulur. Həqiqətən, uzun müddət D. termini sənaye istehsalı ilə bağlı olub. Lakin müasir anlamda D. anlayışından istehsal prosesi ilə yanaşı, insanların sosial-mədəni fəaliyyətinin ən müxtəlif sahələrində istifadə olunur. D.-ın bir çox növləri var, bunlardan informasiya D.-ı, proqram təminatının D.-ı, veb-D., işıq D.-ı, poliqrafiya D.-ı, qrafik D., səs D.-ı jurnalistikaya birbaşa aidiyyəti olan növlərdir.
See also: