Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ÇƏLƏBİ türk.

çelep sözündəndir. Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Allah, Tanrı mənasındadır; 2. Cənab, ağa, bəy, mövla; 3. Tərbiyəli, mərifətli, savadlı; 4. Gözəl görünən, cazibədar, şıq görünən.

Mənbələrdə türk tayfalarından birinin adı olduğu barədə məlumatlar vardır. Osmanlı dövlətinin ilk dövrlərində şahzadələrin, mövlana nəslindən olanların, bir çox alimlərin çələbi titulu daşıdığı məlumdur. Rus dilçiliyində də etnonim olması barədə fikirlər mövcuddur. Hətta rus dilçiliyində Rusiyanın Ural vilayətində yerləşən Çelyabinsk şəhərinin adı da çələbi etnonimi ilə əlaqələndirilir. Azərbaycanda da Çələbi qədim kişi adlarından hesab edilir. XVI əsrdə şəxs adı kimi mövcud olmuşdur. Azərbaycan şairi Qasım Ənvərin dediyinə görə, çələbi sözü sufi təriqətində sevilmiş (hamı tərəfindən), yəni Allah anlamını ifadə edir. Lakin “Xülaseyi-Abbasi”də bu söz yazıçı, şair, bilici və buna yaxın mənalarda göstərilmişdir. V.Radlovun lüğətində çələbi osmanlı və cığatay dillərinə aid edilir. Adın daşıyıcılarından görkəmli siyasi xadim və istedadlı sərkərdə Hacı Çələbi xan (?-1755) tarixə müstəqil Şəki xanlığının yaradıcısı kimi daxil olmuşdur. XVIII əsrdə Şəkiyə hücum edən Nadir şaha ciddi müqavimət göstərmiş, gürcü hakimlərinin Azərbaycan torpaqlarını istila etməsinin qarşısını almış, igidlikləri ilə yadda qalmış tarixi şəxsiyyətlərdəndir. Türkiyədə Çələbi adını daşıyan bir çox məşhur şəxsiyyətlər olmuşdur. Məsələn, XVII əsrin məşhur səyyahı Övliya Çələbi, alim Katib Çələbi, XV əsrdə yaşayıb-yaratmış şairlər Süleyman Çələbi, Cəfər Çələbi və b. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Çələbi bu gün yalnız soyadlarda yaşayan şəxs adları sırasındadır. Çələbi kişi adından formalaşmış soyadların kifayət qədər olması məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti