Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bitişdirici samitlər

Sözlə şəkilçi arasına əlavə edilən y, n, s samitləri; məs.: işlə-y-əcək, su-y-u, gəmi-n-in və s.

Bu samitlər, əsasən, saitlə bitən sözlə saitlə başlanan şəkilçi arasına əlavə edilir. Sonu saitlə bitən isimlər hallandıqda yn samitlərindən (ana-y-a, bala-n-ı), mənsubiyyətə görə dəyişdikdə isə s bitişdiricisindən (ana-s-ı, bala-s-ı) istifadə olunur. Bəzən elə hallar olur ki, bitişdirici samitlər saitlə samiti də bir-birinə bağlaya bilir: o-n-lar, bu-n-dan, qısqanclığı-n-dan, çəmənlikdəki-n-dən. Sözlərin sonunda k-y əvəzlənməsini bitişdirici samitlə qarışdırmaq olmaz. Məsələn, külək sözü saitlə başlayan şəkilçi qəbul etdikdə sondakı k samiti y samitinə çevrilir: küləy-in, gəl-məy-in. Bu sözlərdə y bitişdirici samit yox, birincidə kökün, ikincidə isə şəkilçinin samitidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti