Kənd təsərrüfatı bitkilərinin inkişafını təmin edən iqlim amilləri.
Bura istilik, işıq, günəş enerjisi, il ərzində düşən atmosfer yağıntılarının miqdarı, qar örtüyü, hava axınları, onların sürəti, istiqaməti və s. resurslar aiddir. A.E.-nın əsas göstəricisi havanın +10°C-dən isti olduğu dövrün temperatur cəmidir. Ayrı-ayrı regionlar müxtəlif səviyyəli A.E.-na malikdir. Qütbətrafı və yüksək dağlıq ərazilərin (Kanadanın şimalı, Qrenlandiya adası, And dağları və s.) A.E. zəifdir. Düzənliklər və orta illik temperaturu +10°C-dən yuxarı olan rayonlarda isə (Şərqi Avropa düzənliyi, Hindistan və Hind-Çin yarımadaları və s.) A.E. zəngindir. Azərbaycanda Kür-Araz ovalığı, Abşeron, Acınohur və s. bölgələr A.E. ilə zəngin rayonlara aiddir.
Coğrafiya terminləri lüğəti