yun. anthropos – insan + logos – elm
İnsanı, onun mənşəyini, inkişafını, təbii və mədəni (süni) mühitlərdə mövcudluğunu öyrənən elm sahələrinin məcmusu.
A. termini ilk dəfə qədim yunan filosofu Aristotel (e.ə. 384–322) tərəfindən insan təbiətinin, əsasən, mənəvi xüsusiyyətlərini öyrənən elm mənasında işlədilib. Keçmiş SSRİ-də isə A. yalnız insanın mənşəyi və təkamülünü öyrənən elm, yəni fiziki antropologiya kimi qəbul olunub. Müasir mərhələdə A. bir-biri ilə sıx əlaqəli olan bir neçə elm sahəsini özündə birləşdirir. Məsələn, fəlsəfi A. – insanın təbiəti və mahiyyəti haqqında fəlsəfi təlimdir. Sosial və mədəni A. – etnologiyaya (etnoqrafiyaya) daha yaxın elm sahəsi kimi insan cəmiyyətlərinin müqayisəli tədqiqi ilə məşğul olur, tədqiqat predmeti və metodundan asılı olaraq, öz növbəsində, bir neçə sahəyə – tarixi, siyasi, iqtisadi A.-lara ayrılır. Özündə həm də paleoantropologiyanı birləşdirən fiziki A. isə bioloji varlıq kimi insanın yaranması və təkamülü prosesini araşdırır.
Tarix terminləri lüğəti