yun. anachronisme ˂ ana – əks + khronos – zaman: əks zaman
1. Bədii əsərdə müxtəlif tarixi dövrlərə aid hadisə və ya şəxslərin eyni zamanın hadisəsi və ya adamı kimi əks etdirilməsi.
N.Gəncəvi “İsgəndərnamə” poemasında müxtəlif dövrlərdə yaşamış yeddi yunan alimini bir araya gətirməsi ilə A. yaradıb. Müxtəlif dövrlərdə yaşamış Bəhlul Danəndə ilə Molla Nəsrəddinin hər hansı bir lətifədə eyni dövrün adamı kimi təqdimini də A.-ə nümunə göstərmək olar.
2. Bədii əsərdə bəhs edilən dövrün dil normalarına uyğun olmayan söz və ifadələrin işlədilməsi.
XVI əsr Azərbaycan həyatından bəhs edən bir əsərdə “kartof”, “samovar” və s. tipli söz və ifadələrin işlədilməsi A.-dir. Çünki həmin vahidlərin Azərbaycan dilində ilk işlədilmə tarixi XIX əsrə aid edilir. Ə.Yusifovun “Babək” dramında Babək deyir: “Xoşlanırıq rübaidən, qəzəldən”. Halbuki rübai janrı Şərq şeirində Babəkdən çox-çox sonra – XII əsrdə meydana çıxıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti