Reklam
Reklam

Tarix terminləri lüğəti

akademiya

yun. akademia – mifik qəhrəman Akademin adından

1. E.ə. 388-ci ildə qədim yunan filosofu Platon tərəfindən əsası qoyulmuş fəlsəfi məktəb.

Bu məktəb Afinanın yaxınlığında, qədim yunan əsatirinin qəhrəmanı Akademin şərəfinə salınmış zeytun bağında təsis olunduğu üçün belə adlandırılıb. Platonun A.-sı qısa müddətdə məşhurlaşıb. Aristotel, Epikür və digər tanınmış filosoflar onun şagirdləri olub. Doqquz əsrdən artıq fəaliyyət göstərən A. 529-cu ildə bütpərəstliyə qarşı mübarizə aparan Bizans imperatoru Yustinianın göstərişi ilə qapadılıb.

2. Humanitar elm və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən qurum, cəmiyyət, mərkəz.

Belə mərkəzlər nüfuzlu peşəkarlar, elmin və incəsənətin himayədarları tərəfindən yaradılır, peşə standartlarını müəyyənləşdirir, gənc kadrların rəsmi təhsil müəssisələrindən kənar hazırlığı ilə məşğul olur; məsələn, Rəssamlıq A.-sı, Kino A.-sı, Televiziya A.-sı və s. İlk belə A.-lar XVI əsrdə İtaliyada yaradılıb: Təsviri İncəsənət A.-sı (1563), Müqəddəs Luka Rəssamlıq A.-sı (1577), Müqəddəs Sesiliya Musiqi A.-sı.

3. Fundamental elmi tədqiqatların aparıldığı elmi-tədqiqat mərkəzləri.

Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dövlət tərəfindən milli A.-lar yaradılıb. Almaniya Milli A.-sı (1652), Rusiya Elmlər A.-sı (1724) bu tip elmi mərkəzlərə nümunə ola bilər.

4. Ali təhsil məktəbləri; məs.: hərbi A.-lar, kənd təsərrüfatı A.-ları və s.

Tarix terminləri lüğəti