Reklam
Reklam

Tarix terminləri lüğəti

abolisionistlər hərəkatı

Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat.

Hərəkatın əsas məqsədi köləliyin pislənməsi və ictimai fikrin onun əleyhinə yönəldilməsi olub. A.H.-nın təsiri altında 1780-ci ildən başlayaraq ABŞ-ın şimal ştatlarında köləliyin ləğv olunmasına başlanılıb. Artıq XIX əsrin əvvəlində köləliyin ləğv olunmasının zəruriliyi Avropa ölkələrinin əksər hökumətləri tərəfindən etiraf olunub. 1807–1808-ci illərdə Afrikadan ABŞ və Britaniya müstəmləkələrinə kölələrin gətirilməsi qadağan edilib. 1833-cü ildə isə Britaniya imperiyasının bütün ərazisində, o cümlədən müstəmləkələrində köləlik ləğv olunub. 1859-cu ildə ABŞ-ın Virciniya ştatında Con Braunun başçılığı ilə köləlik əleyhinə üsyan baş qaldırıb. 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi bitdikdən sonra ABŞ Konstitusiyasına edilmiş 13-cü düzəlişə əsasən, bu ölkədə köləlik rəsmən ləğv edilib. Həmin qərarın qəbulunda ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln müstəsna rol oynayıb. 1870-ci il martın 30-da ABŞ Konstitusiyasına 15-ci düzəlişlə keçmiş kölələrə səsvermə hüququ verildikdən sonra isə A.H. əhəmiyyətini itirməyə və zəifləməyə başlayıb. 1948-ci ildə qəbul edilmiş “Ümumdünya insan hüquqları bəyannaməsi” köləliyi qeyri-qanuni elan edib. Köləliyin ləğv olunduğu sonuncu ölkə Mavritaniya (1981) olub.

See also:

Tarix terminləri lüğəti