Paytaxtı: Luanda şəhəri
Sahəsi: Təxminən 1,246,700 km²
Əhali sayı: Təxminən 36 milyon
Etnik tərkibi: Ölkədə əsasən ovimbundu, kimbundu, bakonqo kimi yerli Afrika xalqları üstünlük təşkil edir.
Rəsmi dili: Portuqal dili
Valyutası: Anqola kvanzası (AOA)
Anqola Cənubi Afrikada yerləşir, şimalda Konqo Demokratik Respublikası, şərqdə Zambiya, cənubda Namibiya, qərbdə isə Atlantik okeanı ilə sərhədlənir.
Unitar prezident respublikasıdır. Hazırda (2025-ci il) prezident Juan Lourençodur.
İqtisadiyyatı əsasən neft və almaz hasilatına əsaslanır. Neft ixracı ölkənin ümumi gəlirinin böyük hissəsini təşkil edir və əsas xarici valyuta mənbəyidir. Bununla yanaşı, kənd təsərrüfatı (qarğıdalı, kassava, qəhvə və şəkər istehsalı) və balıqçılıq iqtisadiyyatın digər mühüm sahələridir. Ölkədə işsizlik və yoxsulluq yüksək səviyyədədir.
İqlimi daxili rayonların əksər hissəsində ekvatorial-musson, sahilboyunda tropik-passat və quraqdır. Sahilyanı bölgələrdə isti və rütubətli, daxili ərazilərdə isə subtropik savanna iqlimi müşahidə olunur. Ölkədə ekvatorial meşələr, savannalar, çay vadiləri və səhra bölgələri mövcuddur. Kvanza, Kunene və Zambezi kimi çaylar ölkənin əsas su hövzələridir. Anqola fillər, şirlər, antiloplar və müxtəlif quş növləri kimi zəngin fauna və floraya sahibdir.
Serra de Leba, Kissama Milli parkı, Kalandula şəlalələri, Miradouro da Lua və Mussulo adası turistlərin diqqətini çəkən yerlərdəndir.
Təhsil sistemi dövlət tərəfindən idarə olunur və pulsuzdur. Məcburi təhsil 6 illik ibtidai mərhələdən ibarətdir. Orta təhsil üç mərhələyə bölünür: ümumi, texniki-peşə və ali təhsil hazırlığı. Ali təhsil sistemi isə ölkənin təhsil nazirliyi tərəfindən tənzimlənir və dövlət, eləcə də özəl universitetlərdən ibarətdir.
Ölkənin əsas universitetləri: Agostine Neto Universiteti, Luanda Universiteti, Jean Piaget Universiteti, Metodist Universitet, Gregorio Semedo Universiteti.
Mədəniyyəti yerli Afrika ənənələri və portuqal təsirlərinin qarışığından ibarətdir. Musiqi və rəqs, xüsusilə semba, kuduro və kizomba kimi janrlar mədəniyyətin ayrılmaz hissəsidir. Ənənəvi sənətlər, heykəltaraşlıq və toxuculuq geniş yayılmışdır. Yeməklərdə Afrika və portuqal mətbəxinin təsiri müşahidə edilir. Mədəniyyət festivalları və yerli adət-ənənələr Anqolanın zəngin irsini əks etdirir.