Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULLA ərəb.

mürəkkəb adların tərkibində işlənən Abd Üllah (Allah) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əslində Abdullah (bax: ad – ABD; ÜLLAH) olan kişi adı Allahın bəndəsi, Allahın qulu, Tanrının nökəri kimi tərcümə edilir. Adın təhrif olunmuş forması Abdulla sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Abdullah adı bu gün yalnız Abdulla formasında mövcuddur. Məhəmməd Peyğəmbərin atasının adından olduğuna görə İslam dinində Abdulla kişi adı xüsusi əhəmiyyət kəsb edir. İslam tarixindən məlum olduğu kimi, yeni dini yaradarkən Məhəmməd Allahı yeganə ilah olaraq elan etmişdir. “Allah” məAumu İslamdan əvvəllər də ərəb dilində mövcud idi.

Abdulla adındakı “üllah” həmin Allah deməkdir. Abdul adın qısaldılmış formasıdır. Sonradan Abdul da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında Abdul adı ilə yanaşı, tərkibində Abdul adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı da mövcuddur. Abdulla kişi adı ərəb adları siyahısında, həmçinin dünyada ən populyar adlardan biridir. İngilis dilində, eləcə də bəzi Avropa dillərində də məlumdur. Ab, Abdel, Abdul, Abdallah, Abdullah, Abdulla kimi işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULLƏTİF ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Lətif adlarının birləşməsindən (əslində abd əl-Lətif) əmələ gəlmiş şəxs adıdır.

Abdullətif (bax: ad – ABDUL; LƏTİF) kişi adı bəndələrinə lütf edənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulətif forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULMALİK ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Malik sözlərinin birləşməsindən (əslində abd əl-Malik) əmələ gəlmiş şəxs adıdır.

Abdulmalik (bax: ad – ABDUL; MALİK) kişi adı hər şeyə malik olanın (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulməlik forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULMANAF ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Manaf adlarının birləşməsindən (əslində abd əl-Mənaf) əmələ gəlmiş şəxs adıdır.

Məlum olduğu kimi, İslam dinində digər millətlərdə, həmçinin digər dinlərdə rast gəlinən adların verilməsi günah sayılmır. Sadəcə adın mənasına fikir verilməsi tövsiyə edilir. Lakin İslamda iki sözün birləşməsi ilə yaranmış bəzi mürəkkəb şəxs adlarının tərcüməsi zamanı onların haram adlar sırasında olması məlum olur. İslam dinində Abdul (bax: ad – ABDUL) və Manaf (bax: ad – MANAF) şəxs adlarının birləşməsindən yaranmış Abdulmanaf kişi adı bütlərə pərəstiş edən bəndə, özünə səcdəgah seçmiş birisi, kimə, nəyə isə büt kimi səcdə edən qul, kölə, əsir anlamını ifadə etdiyinə görə şəxs adı olaraq haram sayılır. Müsəlman dininə görə, belə adların qoyulmasına yol vermək olmaz, dünyaya gəlmiş körpələrə belə adlar verilmişsə də, dəyişdirilməlidir. Daha dəqiqi, İslamda bu adların dəyişdirilməsi vacib hesab edilir. Lakin günümüzdə də Abdulmanaf adlı şəxslərə kifayət qədər rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti