Reklam
Reklam

Məsəllər, deyimlər

SEM DAYI

►ABŞ-ı və tipik amerikalını, daha çox yankiləri obrazlı şəkildə səciyyələndirən ifadə.

İfadә XVIII әsrin sonları – XIX əsrin әvvәllәrindә ABŞ-da yaşamış Samuel Uilson adlı birisinin lәqәbindәndir.

Həmin dövrdə baş vermiş müharibələrin hamısı ştatların və bütövlükdə Amerikanın istiqlaliyyətini möhkəmlətməyə yönəlmişdi. Əhali bu müharibələrdə dövlət qoşunlarına həmişə həvəslə yardımçı olurdu.

1812-ci il müharibəsi zamanı (o vaxt düşmən ölkə Kanada idi) Nyu-York ştatının şimalında dayanan qoşun üçün ərzaq məhsullarını, o cümlədən əti Troy şəhərindən keçməklə gətirirdilər. Oranın müfəttişi hamının sevgi ilə Sem dayı adlandırdığı Samuel Uilson idi. Qoşun üçün göndərilәn әrzaq yeşiklәrinin üzәrindә Uilsonun göstәrişi ilә «U.S.» (yәni United States – Birlәşmiş Ştatlar) literi yapışdırılardı. Uilson üzərinə US yazılan möhür vurulan və bununla da hökumətin mülkiyyətində olduğu bilinən iri yük yeşiklərinə cavabdehlik daşıdığından hamının ağzına düşmüşdü ki, bu iki hərf Sem dayı (Uncle Sam) deməkdir.

Həmin ifadəyə hamı elə öyrəşmişdi ki, 1813-cü ildə «Nyu-York post» qəzetinin redaksiya məqaləsində Birləşmiş Ştatlar Sem dayı adlandırılmışdı. Bu ifadə hələ də işlənir və biz Sem dayının kim olduğunu bilir, hətta sifətdən belə tanıyırıq.

Məsəllər, deyimlər

SEYİD CƏDDİNƏ ARXAYIN OLAN KİMİ

►Birinin öz mövqeyinə, nüfuzuna həddindən artıq güvənib arxayınlaşması, hazırlıqsız olması, tərəqqi etməməsi haqqında işlədilən ifadə.

İfadə islam peyğəmbərinin nəslindən olan şəxslərin davranışı ilə bağlı el arasında formalaşmış qənaətdən yaranmışdır.

İslam dininin əsasını qoymuş Məhəmməd peyğəmbərin oğul övladı olmadığından qızı Fatimədən və onun övladlarından törəyən şəxslərə seyid, ağa deyilirdi. Seyidlər müsəlman dininə mənsub olan xalqların yaşadıqları bütün bölgələrdə, xüsusən şiəliyin geniş yayıldığı ölkələrdə, o cümlədən Azərbaycanda da nüfuz sahibləri olmuşlar. Azərbaycanda bu gün də el arasında hörmətli və nüfuzlu seyidlər vardır.

Təəssüf ki, müəyyən zamanlarda «seyid» kateqoriyasına aid olanların bəziləri «ulu babalarının hörməti»nə, onun nüfuzuna, bəzən də peyğəmbərliyin mistik gücünə, cəddə arxayın olub öz bildiyini edir, sadə insanları saymır, din adından sui-istifadəyə yol verirdilər. Belə seyidlər çox vaxt bir sənət-peşə əldə etmir, ictimai əməklə məşğul olmur, «öz cəddinə arxayın olaraq» camaatın ona müraciəti, dua yazdırması, nəzir verməsi və s. hesabına dolanırdılar. Avam camaatı «Səni cəddimə tapşırıram» deyə qorxudanlar da tapılırdı. Amma oxumuş, təhsilli insanların sayı artdıqca, xalqın din haqqında bilgiləri çoxaldıqca belələrinin də bazarı bağlanmış olurdu.

Bəzən seyidlərlə yanaşı, çox möhkəm arxaya malik şəxsin alacağı köməyə bərk ümid bəslədiyi hallarda «seyid öz cəddinə arxayın olan kimi, bu adam da filankəsə arxayındır» deyirlər.

Məsəllər, deyimlər

SƏBİR KASASINI DAŞDIRMAQ

►Hər hansı davamlı xoşagəlməz hərəkəti ilə kimisə əsəbiləşdirmək, bezdirmək, canını boğazına yığmaq.

İfadənin Şərq xalqlarının əksəriyyətinin folklorunda geniş yayılmış məşhur bir əhvalatla bağlı olduğu güman edilir.

Bir dəfə şagird öz müəllimindən xahiş edir ki, insan səbrinin mahiyyətini, ümumiyyətlə, səbir kasasının nə olduğunu ona başa salsın və həm də desin ki, alicənab adam insan təbiətinin bu təzahürü ilə necə davranmalıdır.

Şagirdinin sualını dinləyən müdrik müəllim bir kasa götürüb onun dizləri üstünə qoydu, sonra əlinə su ilə dolu kuzə verdi. Şagirdinə tapşırdı ki, gözlərini yumsun və yavaş-yavaş kasanı doldursun. Müəllim bu hərəkətin izahını da verdi:

– Başqa bir adamın səbrini sınayarkən sən gözüyumulu başqasının kasasını doldurursan, həm də həmin kasa bu zaman sənin dizlərinin üstündə olur. Sən o kasanın nə vaxt dolacağını bilmirsən, buna görə də suyun sənin öz üstünə tökülmək ehtimalı var.

Şagird yavaş-yavaş kasanı doldurmaqda davam edərək soruşdu:

– Deməli, alicənab adam başqasının səbir kasasını doldurmamalıdır?

– Yalnız bu deyil, – deyə müdrik müəllim cavab verdi. – Sən öz dizlərini də qorumalısan və burada xüsusi bir alicənablıq yoxdur.

– Bəs o daha nə etməlidir ki? – deyə şagird gözlərini açmadan təəccüblə soruşdu.

Müəllim, demək olar ki, dolu kasanı onun dizləri üstündən götürdü, suyu yenidən kuzəyə tökdü və dedi:

– Alicənab insan həm də nəzarət etməlidir ki, onun da kasası başqalarının dizində heç vaxt daşmasın.

Məsəllər, deyimlər

SƏHV YAĞ KÜPƏSİNDƏ OLUB

►Hər hansı bir səhvi bilərəkdən başqa bir şeyin və ya şəxsin üzərinə atmağa qarşı etiraz və kinayə bildirən ifadə.

İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.

Bir gün Mollanın qazıya işi düşür. Rüşvətxor qazı Mollanın bu işini aylarca süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz iş görməyəcək. Gedib bazardan bir küpə alır. Küpənin içini qulpuna qədər sarı palçıqla doldurur. Üstünə iki barmaq qalınlığında yaxşı inək yağı qoyub aparır qazıya. Qazı yağı görcək Mollaya lazım olan kağızı yazıb verir, özünü də hörmət-izzətlə yola salır. Molla gedəndən sonra qazı küpəni açıb boşaltmaq istəyir. Bir də nə görür... İki barmaq yağın altından sapsarı palçıq çıxır. Qazı çox əsəbiləşir. Qulluqçusunu göndərib Molla Nəsrəddini çağırtdırır. Qulluqçu gəlib Mollanı tapır və qazının çox mühüm bir iş üçün onu çağırdığını xəbər verir. Molla işi bilir və heç halını dəyişmədən durub qazının yanına gəlir. Qazı Mollanı görcək başını yuxarı qaldırmadan hirsli-hirsli deyir:

– Molla, o kağızı mənə qaytar, deyəsən, orada bir səhvə yol vermişəm, düzəldəcəyəm.

Molla gülə-gülə deyir:

– Zəhmət çəkmə, qazı ağa! Mən kağıza baxmışam, orada heç bir səhv yoxdur. Səhv kağızda yox, yəqin, yağ küpəsində olub. Yoxsa siz kağızdakı səhv üçün belə narahat olmazdınız.

Məsəllər, deyimlər

LİB YÜRÜŞÜ

►Bir şeyә qarşı mütәşәkkil, davamlı və ardıcıl şəkildə aparılan mübarizәni bildirən ifadə.

İfadə XI–XIII әsrlәrdә katolik kilsәsinin təkidi ilə Qüdsü (Yerusәlimi) azad etmək üçün Yaxın Şәrqdə aparılan səlib müharibələrindən qaynaqlanır.

Kilsә «müqәddәs torpağı» «dinsizlәrdәn» (yәni müsәlmanlardan) azad etmәk şüarını irәli sürmüşdü, çünki 1095-ci ildə bütün səlcuq türkləri Qərbi Asiyaya yürüşə başlamışdılar. Onlar Yerusəlimi (Qüdsü) misirlilərin əlindən almışdılar. Xristian zəvvarlar əsrlərboyu müsəlmanların əlində olan Yerusəlimi ziyarət etmişdilər.

Konstantinopolda (indiki İstanbul) hökmranlıq edən və Kiçik Asiyanın böyük hissəsi türklər tərəfindən əlindən alınan Bizans imperatoru indi Qərbdən yardım istəyirdi. Roma papası II Urban Klermon şəhərində din xadimlərinin şurasını çağırır və Yerusəlimi türklərin əlindən almağa səsləyir. Toplantıya gələnlər, o cümlədən fransız zadəğanları papanın çağırışına səs verirlər. Onlar «Allah bizi çağırır!» şüarını səsləndirərək müqəddəs müharibədə iştirak edəcəkləri barədə and içirlər.

Әslindә, Roma papasının vә Avropa feodallarının başçılıq etdiklәri bu yürüşlәr Şәrqdә yeni torpaqlar tutmaq, әhalini istismar etmәk vә mәnfәәt әldә eləmәk mәqsәdi güdürdü. İki әsr müddәtindә sәlib yürüşlәri 8 dәfә tәkrar olunmuşdu.

Xristianlıq ideyaları və rəmzləri uğrunda müsəlmanlarla böyük döyüş təcrübəsinə malik olan ispanlar bu yürüşləri «crorada», yəni «xaç» adlandırırdılar. Amma demək lazımdır ki, səlib yürüşləri öz məqsədinə çata bilmədi. O vaxtdan şər qüvvələrə qarşı istənilən döyüş səlib yürüşü, yaxud «xaç yürüşü» adlandırılır.

Məsəllər, deyimlər