Reklam
Reklam

Məsəllər, deyimlər

ƏCƏM OĞLU

►Adətən, özgә, yadelli, uzaq yerdən gəlәn adamlar haqqında işlədilən ifadə.

İfadə qədim ərəb müəlliflərinin әrәb olmayan ölkəlәrә və xalqlara verdiyi addan qaynaqlanır.

Qədim ərəb müəlliflərinin әsərlərində bütün әrәb olmayan ölkəlәrә və xalqlara әcәm deyilirdi. Әrəblәr İranı fәth etdikdәn sonra bu ölkәyә «İraq әcәmi» («İraqi-əcәm») adını vermişdilәr. Bəzən də bu yerlərə sadәcә «әcəm» deyilir ki, bu söz də, əslində, «İran» və ya «İran əһli, iranlı» mənası daşıyır; mәsәlən, Füzulinin aşağıdakı beytindә hәmin söz «iranlı» mənasındadır:

Süfrәmә hәr bir qonaq gәlsə, xәcalət çәkmәrәm,

Fәrqi yoxdur, ya türk gәlsin, ya әrәb, yaxud әcәm.

Bәzi tədqiqatçılar «əcəm» ifadəsini «danışa bilməyənlәr (danışmayanlar) ölkәsi» kimi tərcümə edirlәr. Başqa mülahizəyə görә isә aydın danışmayan vә ya pәltək adama əcəm deyirdilər.

Yad dillərә belə münasibәt bir çox başqa xalqların da tarixindә müşahidə olunur. Qədim yunanlar yunan olmayan vә yunanca danışmayan bütün xalqları varvar (pәltәk) adlandırırdılar. Slavyan dillәrindә işlənәn «nemes» sözü dә, ümumiyyətlә, avropalıları ifadə edirdi vә «pəltәk» mənası verirdi. Afrikada yaşayan qottentot («pəltәk») qəbilәsinə bu adı hollandlar vermişdilәr.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

ƏCİNNƏ OVU

►Fərqli düşünən, hakim qüvvənin iradəsini qəbul etməyən insanların kütləvi şəkildə təqib olunduğunu bildirən ifadə.

İfadə orta əsrlərdə din xadimlərinin sehrbazlara və cadugərlərə qarşı apardığı kütləvi təqib və amansız mübarizə ilə bağlı yaranmışdır.

«Əcinnə ovu»na papa VIII İnnokentinin 1484-cü il dekabrın 5-də imzaladığı «Summis desiderantes» sərəncamı rəvac verib. Bundan iki il sonra kilsənin yaydığı «Əcinnələrin çəkici» adlı təlimat işıq üzü görüb. Həmin təlimatda şər qüvvələrlə əlaqədə şübhəli bilinənlərin aşkar edilməsi və dindirilməsi qaydaları əks olunub. Məhz bu andan etibarən inkvizisiya bütün səyini xristian dininin təmizliyinin qorunması üzərində cəmləşdirmək əvəzinə əcinnə və ovsunçuların kökünün kəsilməsi uğrunda amansız mübarizəyə yönəldib. «Əcinnələrin çəkici» kitabı o qədər populyar olub ki, tirajına görə hətta «Bibliya»nı da ötüb.

Bu illər ərzində İspaniya, Almaniya və İtaliyada 30 mindən artıq qadın əcinnə elan olunaraq qətlə yetirilib. 1589-cu ilin payızında cəmi 12 min nəfərin yaşadığı Kvedlinburqda bir gündə 133 «əcinnə» oda atılıb. Sənədlərdə göstərilir ki, təkcə 1609–1610-cu illərdə «Bask əcinnələri»nə qarşı məhkəmə proseslərinə ittiham edilən şəxs qismində 7000 nəfər cəlb olunmuşdu.

Avropanı bürümüş «əcinnə ovu» dalğasını yatırmaq üçün daha 150 il lazım gəldi. Belə ki, sonuncu «əcinnə»nin edam hadisəsi 1782-ci ildə İsveçrənin Qlarus şəhərində qeydə alınıb.

Maraqlıdır ki, «əcinnə ovu» ifadəsi XX əsrdə yenidən insanların leksikonuna qayıdıb. Hər hansı sosial təbəqənin nüfuzdan salınması üçün kütləvi informasiya vasitələrinin köməyi ilə aparılan siyasi kampaniyalar indi obrazlı şəkildə belə adlandırılır.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

ƏQRƏBİN ADƏTİ SANCMAQDIR

►Bəlli xarakteri olan birisinin hər hansı şəraitdə nə edəcəyinin əvvəlcədən bilindiyini vurğulayan ifadə.

İfadə şifahi xalq ədəbiyyatından gələn alleqorik hekayətlə bağlı yaranmışdır.

«Әqrәbin adәti» olan sancmaq onun bioloji keyfiyyәtidir. Yalnız sancma yolu ilә әqrәb özünü qoruyub yaşaya bilir. Onun başqa yaşama yolu yoxdur. Ovunu sancıb öldürür, sonra yeyir. Ona toxunan hәr şeyi, bütün canlıları, onurğasız vә onurğalı heyvanları sancır.

Әqrәblərin daha dәhşәtli bir xüsusiyyәti bir-birini məhv etmәsidir; məsələn, cütlәşәndən sonra daha ehtiyacı qalmadığından dişi әqrәb erkәyini sancıb mәhv edir vә sonra onu yeyir. Habelә әqrәblәrin hansı iridirsә, özündәn kiçiyini yeyir. Ona görә mütәxәssislәr әqrәblәri diri saxlamaq üçün ayrı-ayrı qutulara salırlar. Göstәrilәn bu xüsusiyyәtlәr yuxarıdakı ifadәnin yaranmasına səbəb olmuşdur.

Son zamanlar alimlәr müәyyәnləşdirmişlәr ki, tәһlükə һiss etdikdә әqrәb özünü sancıb öldürür. Әqrәbin sancması, sancmadan yaşaya bilmәmәsi ilə әlaqәdar qәdim «Kәlilә vә Dimnә»dә maraqlı rәvayәtlәr nәql olunur.

Hazırda dilimizdə işlənən bu ifadə daim kinayəli sözlər deyən, ona-buna atmacalar atan, istehza ilə danışmağı adət etmiş adamlar haqqında da deyilir.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

ƏLİNİN PAPAĞINI VƏLİNİN, VƏLİNİN PAPAĞINI DA ƏLİNİN BAŞINA QOYUR

►Kasıb adamın birindən borc alıb o birinə verdiyini, dolanışıq üçün bir işi yarımçıq qoyub o birini götürdüyünü bildirmək üçün işlədilən ifadə.

İfadə el arasında dolaşan bir əhvalatdan götürülmüşdür.

Əhvalata görə, Əli və Vəli adlı iki oğlu olan yoxsul bir kişinin uşaqlarını yaxşı geyindirməyə imkanı yox imiş. Buna görə də o, uşaqlara cəmi bir dəst paltar, bir cüt çəkmə, hətta bir papaq alıb bayıra çıxanın əyninə geyindirər, bu müddətdə isə o biri qardaş evdə oturarmış. Yalnız qardaşlardan biri evə qayıdıb paltarını soyunduqdan sonra o birisi geyinib küçəyə çıxa bilərmiş. Beləliklə, yoxsul kişi uşaqlarını birtəhər yola verərmiş.

Ümumiyyətlə, Azәrbaycan dilindә «Әli» vә «Vәli» adları qarşılaşdırma vә ya müqayisә anlayışları şәklindә işlәdilir: «Әli aşından da oldu, Vәli aşından da», «Әlinin papağını Vәlinin, Vәlinin papağını da Әlinin başına qoyur», «Әlisi dәli, Vәlisi dәli, qırılmışın һamısı dәli». «Әli, Vәli, Pirvәli» vә s.

Güman ki, ifadә şiәlik tәbliğatını dәrk edә bilmәmәk vә ya ona etiraz әlamәti kimi formalaşmışdır. İş burasındadır ki, şiәlәr Әlini Allahın yaxın dostu hesab edir, «Әli vәlidir, Allahın hәbibi, dostudur» deyirlәr. «Vәli» sözü әrәbcә (Allaһa) yaxın, dost demәkdir.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

ƏLLƏRİNİ YANINA SALLAMAQ

►Boş-bikar, işsiz dayanmaq, özünü işə verməmək, işə həvəssiz yanaşmaq.

İfadənin uzunqol geyimlə bağlı olduğu ehtimal edilir.

Bəzi ehtimallara görə, ifadə XVII əsr rus boyarlarının üst geyimi ilə bağlıdır. Bu geyim yarığı olan uzun, sallanan qollu idi və onun sahibinin fiziki əməyə həvəssiz olduğunu göstərirdi, çünki bu cür uzunqollu geyimlə işləmək narahatlıq yaradardı. Sadə adamlar isə əksinə, işləyən vaxtda qolçaqlarını qatlayırdılar.

İfadə bəzən «əl-qolunu sallamaq» şəklində də işlənir. Belə ehtimal edilir ki, bu deyim «qol» sözündən yaranmış «qolçaq» anlayışı ilə bağlıdır. Bizə tanış olan «qolçaqları açmaq», «qolçaqları çırmalamaq», «qolçaqları sallanmaq» və s. ifadələr uzunqol köynək geyinmək adətindən sonra işlədilməyə başlanmışdır. Qədimdə bir çox xalqlarda köynəyin qollarının uzunluğu kişilərdə 95, qadınlarda isə 130–140 sm-ə kimi olurdu. Təbii ki, belə geyimdə işləmək çətin idi və narahatlıq yaradırdı. İş yaxşı alınsın deyə qolçaqları çırmalamaq, yəni yuxarı qatlamaq lazım idi. Belə vəziyyətdə qolun və qolçağın vəziyyəti müəyyən mənada insanın işə münasibətini əks etdirirdi.

Buna görə də işini ləng, könülsüz, tənbəl kimi yerinə yetirənlər haqqında «qolçaqlarını sallayıb işləyir» deyirdilər. Cəld, fərasətli işçi haqqında isə «o, qollarını çırmalayıb işləyir» ifadəsi mövcud idi.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

ƏLLƏRİNİ YUYUB OTURMAQ

►Müəyyәn bir işdә, hadisәdә iştirak etmәdiyini, günahkar olmadığını bildirmək, cavabdehlikdən, məsuliyyәtdәn kәnar olduğunu nümayiş etdirmәk.

İfadə qədim adətlərdən və dini təsəvvürlərdən qaynaqlanır; məsələn, «İncil»dә göstәrilir ki, asmaq üçün İsanı camaata verən hökmdar Pilat özü hamının qarşısında әllәrini yuyaraq bu işdә günahkar olmadığını bildirmişdi. Bu qәdim adət qismәn dәyişsә də, mahiyyәtcә yenə yaşamaqdadır. İndi dә bәzi yerlәrdә meyiti basdırdıqdan sonra adamlar mütlәq әllərini yuyur vә sanki bununla mәrhumun ölmәsindә günahkar olmadıqlarını nümayiş etdirirlər.

Qәdim yәhudi vә latın xalqlarında belә bir adәt var idi ki, hakimlәr bir işə baxarkən әllərini yuyur, beləliklә, müәyyən qәrar çıxararkәn qərәzsiz olacaqlarını bildirirdilәr.

Qәdim yunanlarda günahdan təmizlәnmək üçün belə bir qayda mövcud idi: caninin әllәrini heyvanın (əsasən, donuzun) qanına bulayır vә sonra onu günahdan tәmizlәmək üçün əllərini yuyurdular. Bundan sonra isә qurban vә dua vasitəsilә Allahı rәhmә gәtirirdilər.

Başqa bir ehtimala görә, ifadә «Avesta»dakı bir məqamla әlaqədardır. Burada ölünün – meyitin natәmizliyi (bәlkә dә, meyiti yumaq ayini buna görə icra edilir) və onu təmizləmək qaydaları haqqında geniş danışılır. Meyiti basdırandan sonra natәmizliyi kənar etmәk üçün yuyunurmuşlar. Çünki «Avesta»ya görә, ölüm pisliyin bәdәndә təntәnәsi deməkdir.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər