Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

apokaliptika

yun. apocalipto – ilahi kəşf, açıqlama

Dünyanın axırı (apokalipsis) haqqında elmi-fantastik əsərlər.

A.-nın ilk nümunələrindən biri M.Şellinin “Sonuncu adam” (1826) romanıdır. Sonrakı dövrlərdə E.Po, H.Uels, S.Kinq və başqaları bu janrda yazıb-yaradıblar. XX əsrin II yarısında “soyuq müharibə” dövründə A. daha geniş vüsət aldı. Bu əsərlərdə dünyanın sonu ilə bağlı müxtəlif versiyaların bədii təsviri verilir: təbiət kataklizmləri (qlobal vulkan, zəlzələ, sunami, iqlim dəyişikliyi), robotların üsyanı, yadplanetlilərin hücumu, nüvə müharibəsi, planetlərarası müharibə və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

arxaik üslub

Mövzusu keçmiş dövrlərlə bağlı olan əsərlərdə arxaizmlərin işlədilməsi ilə səciyyələnən üslub.

Nümunə: “... Yerə palaz sərdi, bir misqal da un itməsin deyə üstünə dəstərxan döşədi, torbadan ovuc-ovuc aldığı arpanı əldaşının boğazına töküb dəstəyindən yapışdı və fırlatmağa başladı” (Ə.Cəfərzadə).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

Arlekin

Del arte komediyasında əsas maska-obrazlardan biri.

Qara maskada, kəndli geyimində çıxış edən A. del artenin şimal (Venesian) qrupuna aid ən məşhur maska-obrazlardan biri idi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

asindeton

yun. asyndeton – əlaqəsiz

Üslubi fiqur: fikri daha ekspressiv çatdırmaq üçün söz və ifadələr arasında bağlayıcıdan imtina edilməsi; məs.: Əti mənim, sümüyü sənin.

A. nitqə dinamika verir, təsvirlərin, təəssüratların, hərəkətlərin sürətlə əvəz olunmasına imkan yaradır. A.-a ən bariz nümunə Yuli Sezarın “Gəldim, gördüm, qələbə çaldım” (Veni, vidi, vici) ifadəsidir. A. nəzm əsərlərində ritm və ahəngi artıran xüsusiyyətlərdəndir:

Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən,

El dərdinə qalmayanlar çıxsın bizim cərgədən! (S.Vurğun)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

astral miflər

Səma cisimləri – ulduzlar, bürclər, planetlər, eləcə də Günəş və Ayla əlaqədar olan əsatirlər.

A.M. dünyanın müxtəlif xalqlarının mifologiyasında mövcuddur və əsasən, astral ayinlərlə bağlıdır. Əkinçiliyə qədərki mədəniyyətlə bağlı olan erkən A.M. üçün “hərəkətsiz” ulduzlara daha çox diqqət yetirilməsi xarakterikdir. A.M.-in daha mükəmməl kompleksləri kənd təsərrüfatının inkişaf etdiyi Qədim Misir, Babil və Meksikada yaranıb. Burada astronomik müşahidələr kənd təsərrüfatı üçün vacib olan təqvimlə sıx əlaqədə olub. Bu mədəniyyətlərə aid A.M.-də “hərəki” səma cisimlərinə: Günəşə, Aya və “sərgərdan ulduzlara” – planetlərə böyük diqqət yetirilməsi xarakterikdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti