Torpağın turşu reaksiyası vermək xüsusiyyəti.
T.T. laboratoriya, yaxud çöl şəraitində kimyəvi üsullarla müəyyənləşdirilir. Turşuluq dərəcəsi torpaq məhlulunda hidrogen ionlarının konsentrasiyasından asılı olur və pH-la işarə edilir. Əgər pH göstəricisi 6-7 arasındadırsa, torpaq – neytraldır. pH göstəricisi bundan aşağı olan torpaqlar turş torpaqlar, yuxarı olan torpaqlar qələvi torpaqlar adlanır. Turş torpaqlar, adətən, rütubətli iqlim şəraitində formalaşır (tundralar, meşə əraziləri və s.). Yüksək turşuluq bitki və mikroorqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaradır, ona görə də belə torpaqların turşuluğunu azaltmaq üçün ona əhəng qatırlar. Qələvi torpaqlar isə, əksinə, tərkibində kalsium duzlarının (əhəngin) çoxluğu və qələvi reaksiyasının üstünlüyü ilə səciyyələnir. Qələvi torpaqlar az münbit olur, bitkilərin və mikroorqanizmlərin inkişafını zəiflədir. Onların turşuluğunu artırmaq torf, peyin, müxtəlif gübrələr əlavə etməklə mümkündür.
Coğrafiya terminləri lüğəti