XVIII əsrin II yarısında Avropanın bir sıra ölkələrində mütləqiyyət rejimlərinin maarifçilik ideyalarına əsaslanaraq yeritdikləri siyasət.
M.M. yuxarıdan islahatlar yolu ilə bir çox köhnəlmiş feodal institutlarını sıradan çıxarmağa çalışıb. Bəzi silki imtiyazların ləğvi, kilsənin dövlətə tabe etdirilməsi, təhsil, məhkəmə, aqrar sahələrdə islahatların həyata keçirilməsi, senzuranın yumşaldılması və s. bu istiqamətdə atılmış ən mühüm addımlar olub. Prussiyada II Fridrix, Avstriyada II İosif, İspaniyada III Karl, İsveçdə III Qustav, Portuqaliya və Danimarkada bir sıra nazirlər M.M.-in ən görkəmli nümayəndələri sayılırlar. Lakin vaxtı ötmüş qayda-qanunların bir hissəsini aradan qaldırmaqla kapitalizmin inkişafına şərait yaradan həmin siyasət son nəticədə iflasa uğrayıb. İslahatların yarımçıq xarakteri və despotik üsullarla həyata keçirilməsi, eləcə də feodal dairələrinin sərt təpkisi bu uğursuzluğun əsas səbəbi olub. Böyük Fransa inqilabından qorxuya düşən Avropa monarxları M.M. siyasətindən birdəfəlik əl çəkiblər.
Tarix terminləri lüğəti