yun. phantasma – xəyal + agoreuo – danışıram
Bədii əsərdə təsvir olunan mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalar; bu cür epizodlarla zəngin bədii əsər.
F. fantastikanın bir növüdür və elmi fantastikadan kəskin surətdə fərqlənir. Burada müəllif baş verən mistikanın izahı qayğısına qalmır, əksinə, onu tamamilə normal bir hadisə kimi qələmə alır. Bu cür əsərlər, adətən, ümumilikdə realist üslubda yazılır və fantasmaqorik obraz və ya hadisə əsərin ideyasının qabardılmasına xidmət edir. F. elementləri bədii əsərlərdə həmişə mövcud olub. Lakin ədəbiyyatşünaslıqda bu termin XX əsrin sonlarında M.Bulqakovun “Usta və Marqarita” əsəri məşhurlaşdıqdan sonra meydana gəlib. Azərbaycan ədəbiyyatında Y.Səmədoğlunun “Qətl günü” romanı, eləcə də Anarın “Əlaqə” povesti F. elementləri ilə zəngindir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti