Reklam
Reklam
Тема: Dilçilik
Тема: Punktuasiya
Автор: Rafiq İsmayılov

Ümumiləşdirici sözlə həmcins üzvlər arasında durğu işarələri: qoşa nöqtə, tire

 

Ümumiləşdirici söz dedikdə ümumi məna kəsb edən söz – hiperonim nəzərdə tutulur. Bu sözdən sonra gələn həmcins üzvlər onun ehtiva etdiyi məna qrupuna aid olur. Başqa sözlə, ümumiləşdirici söz həmcins üzvlərin hamısına aid olub onları ümumiləşdirir:

  • Bəzi kisəli heyvanlar: kenquru, koala Avstraliyada yaşayır.

 

Ümumiləşdirici sözlə həmcins üzvlər arasında işlənən durğu işarələri haqqında danışarkən, əsasən, bir məqama diqqət yetirilir: hansı əvvəl gəlir: ümumiləşdirici söz, yoxsa həmcins üzvlər?

 

  • Ümumiləşdirici söz əvvəl gəldikdə onunla həmcins üzvlər arasında qoşa nöqtə (bəzən tire) qoyulur:
  • Həyatın hər üzünü: fərəhli anlarını da, çətin günlərini də görmüşdü.Azərbaycanın bir neçə rayonunu – Şəkini, Qəbələni, Qubanı gəzdik.

 

Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, onlar arasında tiredən istifadə edilir:

  • Küçələr, evlər, yollar – hər yan qara bürünmüşdü.

         

Həmcins üzvlər cümlədən sonra sadalandıqda (dilçilikdə buna parselyasiya, yəni ayrılma, bölünmə deyilir) qoşa nöqtə, bəzən tire qoyulur: 

  • İstənilən avtomobil üç əsas hissədən ibarətdir: təkərlər, ban və mühərrik.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.