Reklam
Reklam
Тема: Tarix
Автор: Arif Əliyev

Tutanxamonun lənəti?

1923-cü ilin aprelində Misir fironu Tutanxamonun qəbrinin açılmasında iştirak edən tədqiqatçılardan biri – ingilis lordu Ceyms Karnarvon pnevmoniyadan vəfat etdi. Elə həmin ay Qahirənin "Deyli ekspress" qəzetində "Fironların lənəti" haqda yazı dərc edildi. Məqalədə deyilirdi ki, tədqiqatçılar fevralın 16-da Tutanxamonun sərdabəsinə daxil olanda orada fironun ruhunu narahat edənləri ölüm gözlədiyi barədə divar yazısı görüblər. Amma bu xəbərdarlığa məhəl qoymayıblar.

Bundan bir neçə gün sonra sərdabəyə girən bir neçə başqa alimin də ölüm xəbəri yayıldı. Sonrakı illər ərzində qəbrin açılmasında iştirak edənlərdən 13 nəfər və onların yaxın qohumları dünyasını dəyişdi. Mətbuat durmadan "fironların lənətindən" yazır, bu barədə bədii əsərlər nəşr edilirdi.

İndi isə "fironların lənətinin" izinə düşən tədqiqatçıların üzə çıxardığı faktlara diqqət yetirək. Ondan başlayaq ki, heç bir sərdabədə jurnalistlərin təqdim etdiyi məzmunda divar yazısı yoxdur. Tutanxamonun qəbrinin yanında ölülərin ruhunu o dünyaya müşayiət edən tanrı Anubisin heykəli qoyulub. Heykəlin alt tərəfində yazılıb: "Qumlara bu sərdabəni boğmağa qoymayan mənəm. Mən burada gözlərini əbədi yumanların yuxusunu qorumaq üçün dayanmışam". 

2002-ci ildə "Britaniya tibb" jurnalında dərc olunmuş araşdırmada göstərilir ki, sərdabənin yerini tapmış və oraya birinci daxil olmuş Hovard Karter bundan 16 il sonra 65 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Əslində, fironun "ahı" hamıdan əvvəl onu tutmalı idi. Alimlər hesablayıblar ki, qəbrin açılmasında bilavasitə iştirak edən və guya "lənətlənmiş" tədqiqatçıların orta həyat dövrü 74,4 il təşkil edib. 

Melburn Universitetinin əməkdaşı Mark Nelson Tutanxamonun sərdabəsindən götürdüyü hava və divar qatı nümunələrini də laboratoriyada yoxlayıb: nümunələrdə heç bir ekzotik infeksiya aşkar edilməyib.

Onu da biləsiniz ki, "fironların lənəti" haqqında əfsanə jurnalistlərin öz fantaziyasının məhsulu deyildi. Hələ 1828-ci il­də ingilis yazıçısı Ceyn Vebbin "Mumiya" romanı çapdan çıxmışdı. Romanda yatdığı qəbirdə ruhu narahat edilmiş mumiyanın dirilərək insanlardan intiqam alması təsvir olunurdu. 

 

Qaynaq: Arif Əliyev. Tarixi Yanlışlıqlar (Bakı, Altun Kitab, 2013)