Rus dilindəki таз sözünün mənasını tatar dilinə oça kimi tərcümə edirlər. Крестец sözü oçabaşı kimi tərcümə olunur. Сидеть kəlməsi oç kimi tərcümə olunub. Bizdə indi “oç elə” ifadəsi mövcuddur. Uca sözümüz də var: belin arxa (quyruq) tərəfinin ən yaxşı yeməli ətidir (qədimdə deyim də olub: ucanı qudalara yedirərlər). Uca sözü rus dilində репица deməkdir. Ehtimal ki, uc (qurtaracaq) sözü ilə bağlıdır (belin quyruq tərəfindən qurtaracaq hissəsinin adıdır). Qədim türk qəbirlərindən çoxlu bud (uca) sümükləri tapılıb: guya “ölü bu əti yeyəcək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, üz və bət kəlmələrindən törəyib, (üzbət kimi olub) “sir-sifət” mənasını verir; danışıqda ucbat sözünün sinonimləri kimi uc və üz kəlmələri də işlədilir. M.Cümə yazır: Eşq ucundan sızlaram... Türkoloqların bəziləri üçün qoşmasının kökünü uc hesab edir və onun səbəb bildirdiyini göstərirlər. Bu, həqiqətdirsə, onda ucbat, üz və üçün sözləri qohumdur. Sonuncu variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə udul, uddur formalarında verilib, tatar dilində ottır şəklində işlədilir. Deməli, söz uddur olub, sonra r səsi z ilə əvəz olunub (ulduz), nəhayət, d səsinin biri ixtisara düşüb. Udmaq “içəri eləmək” deməkdir, uduzmaq isə başqasının “içəri eləməsi”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib. “Qutlu olsun” ifadəsi də həmin mənanı verir. Uğur omonim sözdür və onun başqa mənaları da mövcuddur (görüş və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözün dəfə, zaman mənaları da var. Qərb dialektlərində “bir dəfə getmişdim” cümləsini “bir uğur getmişdim” kimi də işlədirlər. Oğur forması da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlgək, ilmə sözlərindəki il və ulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili “əlaqə yaratmaq”, “bağlamaq” anlamını əks etdirir. Ulaq ismi ul feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub (qədim mənası: sifarişi çatdırmaq üçün “minilən at” demək olub). İndi məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArabanın dal və qabaq oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu, il feili əsasında yaranıb, ilmək, ilgək, ilmə, ilişmək sözlərinin kökü il məhz əlaqə yaratmaq mənası ilə uyğun gəlir. Bəzi türk dillərində xəstəliyin yoluxmasına da ulaşma deyirlər (bizdə də ilişmək sözü bu mənada işlədilir). Ehtimal ki, elə yoluxmaq kəlməsi də ulaşmaq sözünün təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu ola bilər:
1. Qurdun ulaması və itin hürməsi eyni sözdən əmələ gəlib: r-l əvəzlənməsi təbii haldır. Hürmək dönüb olub ülmək, o da ulamaq şəklində sabitləşib.
2. Hürmək və ulamaq tamam başqa-başqa sözlərdir: it həm hürür, həm də ulaya bilir. Mələmək, böyürmək sözləri kimi, ulamaq kəlməsi də çıxarılan səslə bağlıdır, təqlidi sözdür. Məncə, hürmək sözü də “ham-ham” sözünün zəminində əmələ gəlib, ura kəlməsi ilə də bağlı ola bilər. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İçi iylənmiş qarpız haqqında qərb dialektlərində “içi ulayıb” deyirlər. İylənmək sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti