Reklam
Reklam

Etimologiya lüğəti

sabotaj

XIX əsrdə sənaye inqilabı nəticəsində Qərbi Avropanın hər yerində zavod və fabriklərin meydana gəlməsi ilə bərabər, yeni məzlumlar sinfi – proletariat (və ya fəhlə sinfi) yarandı. Ədalətsizliklər qarşısında onlar doğrudanmı aciz idilər? Əgər işlərini buraxsalar, sadəcə, acından ölərdilər. Əgər fabrikin işini dayandırmış olsalar (yəni tətil etsələr), onda hökumət maşını var qüvvəsi ilə onları əzərdi.

Zavodun işini bilərəkdən ləngitmək, maşın və mexanizmləri bilərəkdən sındırmaq, həmçinin hazır məhsula qəsdən zərər vurmaq – bax bu, başqa bir məsələ idi. Bu vəziyyətdə konkret adamı təqsirləndirmək mümkün deyildi. Bu cür qərəzli diqqətsizlik və ya bacarıqsızlıq sabotaj adlanırdı.

Bu söz fransız kəndlilərinin geyindikləri taxta ayaqqabıların adından yaranmışdı. Bu ayaqqabılar sabo adlanırdı. Deyirdilər ki, guya fəhlələr taxta ayaqqabılarını birbaşa dəzgahın içinə ataraq onu sıradan çıxarırmışlar.

“Sabotaj” sözü dəmiryolçuların 1912-ci ildə baş vermiş tətilləri zamanı məşhurlaşdı. Fəhlələr qəsdən dəmiryol relslərinin altına düzülən ağac şpalları (onlar da sabo adlanırdı) doğrayaraq yolları sıradan çıxarırdılar. “Sabotaj” sözü dəzgah, eləcə də avadanlıqların qəsdən sıradan çıxarılmasına işarə edən daha ciddi hadisələrdən danışılarkən işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

sarı mətbuat

XIX əsrin sonunda qəzetlər ictimaiyyəti məlumatlandıran yeganə informasiya vasitəsi idi. Qəzetlər bir-biri ilə mübarizədə mümkün bütün vasitələrdən istifadə edirdi.

90-cı illərin sonunda diqqəti cəlb etməyin yeni, daha səmərəli üsulu tapıldı. Rəngli başlıqlar peyda oldu.

1896-cı ildə Nyu-Yorkun “Uorld” qəzeti hər gün birinci səhifəsində rəssam Riçard F.Autkolt tərəfindən çəkilən komikslər çap etməyə başladı. Bu komikslərin qəhrəmanının paltarı açıq-sarı rəngdə olduğundan komikslər “Sarı oğlan” adını qazandı. Qəzetin tirajı xeyli artdı.

“Nyu-York cornal”ın sahibi Uilyam Rendolf Hörst də qəzetinin tirajını artırmaqda qərarlı idi. O, jurnalın rəngli əlavəsini yaradaraq Autkoltu öz tərəfinə çəkdi. “Uorld” buna cavab olaraq “Sarı oğlan”ı çap eləməkdə davam edirdi.

Bundan sonra hər iki “sarı” mətbuat orqanının rəqabəti ağlagəlməz üsullarla aparılırdı. Məhz həmin günlərdə Kuba uğrunda İspaniya ilə münaqişə başladı. Hörst tirajı artırmaq məqsədilə bilərəkdən ictimaiyyəti narahat edən, eləcə də qıcıqlandıran xəbərlər dərc edirdi. Bununla da 1898-ci ildə kiçik, amma lazımsız və mənfur olan müharibənin başlamasına yardımçı oldu. Nəticədə gəlir əldə etmək naminə yalan-doğru, istənilən, hətta ən qəddar sensasiyalı xəbəri istifadə edən qəzetlər “sarı mətbuat” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

satrap və nüvvab

XIX əsrə qədər nəqliyyat və rabitə vasitələri zəif inkişaf etdiyindən iri imperiyaları idarə etmək olduqca çətin idi. Buna görə də hökmdar əyalətlərə etibarlı adam təyin edərək ona az qala özününkü qədər səlahiyyət verməli olurdu. Ancaq əlində geniş hakimiyyət, özünün də mərkəzdən uzaq olan birisinin axıra qədər sədaqətini qoruyub saxlayacağı şübhə doğururdu. Canişin öz hökmdarına sadiq qaldığı halda belə, əhalinin hesabına varlanmağa cəhd edirdi. Qədim İranda belələri özlərini satrap (çar hakimiyyətinin keşiyində duranlar) adlandırırdılar. Yunan tarixində Kiçik Asiya satrapları ilə yunan hökmdarları arasındakı münasibətlərə geniş yer verildiyindən “satrap” ağanın yoxluğunda əlinə keçən hakimiyyətlə hamıya qan udduran və zalıma çevrilən nökərə deyilməyə başlandı.

Hindistanda moğolların hakim olduqları dövrdə belə canişinləri “navax” adlandırırdılar. Onlar əllərindəki hakimiyyətdən ancaq şəxsi məqsədləri və varlanmaq üçün istifadə edirdilər. XVIII əsrdə “Ost-Hind” şirkəti Hindistandakı mövqeyini möhkəmləndirdikdən sonra orada çalışan məmurlar o dərəcədə varlandılar ki, onları nüvvablarla (“navax” sözünün təhrif olunmuş şəkli) müqayisə etmək olardı.

Zamanla bu söz işgüzarlığı nəticəsində olduqca varlanan və bunun nəticəsində nüfuz qazanan istənilən adama münasibətdə işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

səlib yürüşü

1095-ci ildə bütün xristian dünyası qaynayırdı. Səlcuq türkləri Qərbi Asiyaya yürüşə başlamışdılar. Onlar Yerusəlimi (Qüdsü) misirlilərin əlindən almışdılar. Xristian zəvvarlar üçün oranı ziyarət etmək çətinləşmiş və təhlükəli olmuşdu.

Konstantinopolda (İstanbul) hökmranlıq edən Bizans imperatoru indi Qərbdən yardım istəyirdi. O zamanlar Roma papası II Urban idi. Noyabr ayında o, Klermon şəhərində din xadimlərinin şurasını çağırır. Toplantıya Fransa zadəganları da gəlirlər.

Öz nitqində Urban döyüşçüləri Yerusəlimi türklərin əlindən almağa səsləyir. Yığışanlar onun çağırışına səs verir, müqəddəs müharibədə iştirak edəcəkləri barədə bir-bir and içirlər. Urban onların hər birinə bu andın rəmzi olaraq paltarlarına tikmək üçün xaç paylayır.

Xristianlıq ideyaları və rəmzləri uğrunda müsəlmanlarla böyük döyüş təcrübəsinə malik olan ispanlar bu yürüşləri “crorada”, yəni xaç adlandırırdılar. Bu söz ispan dilindən digər dillərə keçmiş və səlib yürüşü (xaç yürüşü) kimi işlənməyə başlamışdı.

İki əsr ərzində Qərb cəngavərləri vaxtaşırı türklərə qarşı yürüşlərə yola düşüblər. Demək lazımdır ki, səlib yürüşləri öz məqsədinə çata bilmədi. O vaxtdan şər qüvvələrə qarşı istənilən idealist döyüş səlib yürüşü adlandırılır. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti