Çaydan su götürmək və heyvanı sulamaq üçün olan yerə indi suvat deyirik. Sözün kökü suvdur (suyun qədim forması suv olub), bəs -at nə şəkilçisidir? Qədim mənbələrdə həmin kəlmə suvlaq kimi qeydə alınıb, hərfi mənası “su yeri” deməkdir (müqayisə et: qışlaq, yaylaq və s.). Suvat sözü suvlaq kəlməsinin təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇalınmış qatıq tam tutmamışsa, ona südlü-sümən deyirlər. Dilimizdə yaxşı yetişməmiş qarğıdalı, taxıl sünbülü və s. sütül adlanır. Zənn edirəm ki, sütül “su” sözü ilə kökdaşdır, “sulu” (suyu çox) deməkdir. Sümən komponenti сырой mənasında işlədilmiş süllük (sül kimi də işlədilib) kəlməsi ilə qohumdur. Südlü-sümən sözü sinonimlər birləşməsidir (sütül və süllük kəlmələri sinonim olub, südlü-sümən də sütül-süllük formasında işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSümsürük sözü (bəzi dialektlərdə burun sözünün sinonimi olan mısmırıq kəlməsi mövcuddur) mənbələrdə “burun suyu” kimi açıqlanıb. Görünür, sümsü feildir və onun sonundakı -n qayıdış növün şəkilçisidir. Sözün əsl mənası “burundan su axıtmaq” demək olub, indi daha çox “iyləyərək axtarmaq” anlamını əks etdirir. Süm-sü-n sözü gülüm-sü-n qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənaca sormaq, yağlanmaq, piylənmək, hopmaq,öpmək kəlmələri ilə yaxındır. Mənbələrdə sümür sözü “əmmək”, “sormaq” kimi açıqlanıb. Müstəmləkəçilik yerinə bəzi türk dillərində sümürməçilik işlədilir. Zənn edirəm ki, sümür və sor sözləri tarixi baxımdan eyni kökə malikdir. Bəzi türk dillərində piy yerinə səmir (səmiz forması da var) işlədilir. Deməli, sümürmək “yağını sormaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində (məsələn, qaqauz dilində) sıbıdılma (отбросы), sıbıtma (выбрасывать) sözləri var. Süpürgə onların zəminində əmələ gəlib, tullantıları silmək, atmaq, kənarlaşdırmaq vasitəsidir. Silmək, sıyırmaq və süpürmək kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti