Reklam
Reklam

Etimologiya lüğəti

portveyn

1100-cü ildə  Douro çayının mənsəbində Portuqaliya adlı dövlət yarandı. Ölkənin adının kökü çay mənsəbində romalılar tərəfindən salınmış yaşayış məskəni “Portus Cale”nin (Kale limanı) adına gedib çıxır. Hazırda həmin ərazidə yerləşən şəhəri portuqaliyalılar Oporto, sonralar isə Porto, yəni liman adlandırırdılar.

Portuqaliya cənuba doğru genişlənərək 1250-ci il üçün indiki ərazilərinədək böyüdü. 1294-cü ildə İngiltərə Portuqaliya ilə ticarət sazişi imzaladı. İndinin özündə də Böyük Britaniya Portuqaliyanı özünün ən “qocaman” tərəf-müqabili hesab edir. Onlar bir-biri ilə heç vaxt müharibə etməyib və tarixdə ölkələr arasında dostluq münasibətlərinə başqa belə bir örnək göstərmək olmaz.

1702-ci ildə İngiltərə ilə Fransa arasında İspaniyadan qalma miras uğrunda uzunsürən hərbi münaqişə başlayanda ingilislər Con Metyueni Portuqaliyaya göndərdilər. Məqsəd Portuqaliyanı müttəfiq kimi qoruyub saxlamaq idi. İstəyinə çatmaq üçün Metyuen imzalanmağa bir saziş təklif etdi. Bu müqaviləyə əsasən, İngiltərə Douro çayının vadisində istehsal olunan tünd-qırmızı şərab müqabilində Portuqaliyaya parça tədarük etməyə boyun olurdu. Həmin şərab, çox güman, Portodan göndərildiyinə görə portveyn adını qazandı və ingilis centlmenlərinin sevimli içkisinə çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

proletariat

Roma respublikasının mövcudluğunun ilk mərhələsində yüksək dövlət vəzifələrini tuta biləcək tanınmış əsilzadə ailələrinin üzvləri özlərini patrisi adlandırırdılar (latınca “paper”, yəni “ata” sözündən). Dövlət vəzifələri tutmağa layiq olmayan, aztanınan və nüfuzu aşağı olan ailələr isə plebeylər (yəni sadə insanlar) idi.

Plebeylər e.ə. 494-cü ildə qaldırdıqları qiyamdan sonra dövləti patrisilərlə birlikdə idarə etməyə başladılar. İctimai piramidanın ən aşağı pilləsini isə, ümumiyyətlə, heç bir hüquqları olmayan qullar tuturdu. Hakim siniflə qullar arasında mövcud olan nəhəng uçurumu isə azad insan kimi yaşayan romalılar doldururdular. Onların yeganə hüququ səsvermə hüququ idi.

Dövləti idarə eləyənlər hesab edirdilər ki, bu təbəqənin nümayəndələri Roma üçün yeni işçi qüvvəsi və əsgər doğub-törətməkdən başqa heç bir xeyir vermirlər. Onlar, sadəcə, “uşaq istehsal edənlər” (yəni proletariat) idilər.

1848-ci ildə Karl Marks özünün “Kommunist partiyasının manifesti”ndə bu sözü dirçəldərək yaşadığı dövrün aşağı zümrəsinin nümayəndələrinə şamil etdi. Onun fikrincə, bu zümrəni fəhlələr təmsil edirdi. Beləliklə, “proletariat” sözü “fəhlə sinfi” sözünün, “proletar” isə “fəhlə” sözünün sinoniminə çevrildi. “Kommunist partiyasının manifesti” bu sözlərlə bitir: “Bütün ölkələrin proletarları, birləşin!” (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

pun sədaqəti

E.ə. 390-cı ildə Roma heç kimə məlum olmayan kiçik bir kənd idi. E.ə. 40-cı ildə isə o artıq bütün Aralıq dənizi hövzəsinə hakim olmuşdu. Həmin 350 il ərzində Roma bir çox müharibələr aparmış və hamısından qalib çıxmışdı. Bu elə də asan deyildi, bir dəfə isə Roma məğlubiyyətin astanasında oldu.

Bu, Romanın üç dəfə müharibə etdiyi Karfagenin mühasirəsi zamanı baş vermişdi. Karfagenin əsası Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulduğundan romalılar bu şəhərin sakinlərini finikiyalı (Poeni) adlandırırdılar. Bu sözün törəməsindən alınan sifət punikdir (Punicus). Bu səbəbdən də Roma ilə Karfagen arasında baş vermiş hər üç vuruşmanı biz Pun müharibələri adlandırırıq. I Pun müharibəsi e.ə. 264-cü ildən 241-ci ilə qədər davam etmişdi. Olduqca gərgin keçən döyüşlərdən romalılar qalib çıxdılar. E.ə. 218-ci ildə Hannibal II Pun müharibəsini başladı. O, İtaliyada on altı il davam gətirdi, amma sonda yenə də Roma inadkarlığı sayəsində qələbə qazandı. III Pun müharibəsi (e.ə 149–146-cı illər) nəticəsində Roma Karfageni yer üzündən sildi.

Romalılar məğlubiyyətə necə yaxın olduqlarını heç vaxt unutmadılar və həmişə olduğu kimi, həddən artıq istedadlı düşmənlərinə istehzalı ləqəblər verdilər. Onlar aldatmağı nəzərdə tutaraq pun sədaqətindən danışmağa başladılar və o vaxtdan həmin ifadə məhz bu mənada işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

puritan qanunları

İnsanlar bir-birinə və eləcə də cəmiyyətin özünə ziyan vurmasınlar deyə cəmiyyətlər qanunlar yaradır. Əlbəttə, “cəmiyyətə vurulan” bu ziyanı hərə bir cür başa düşür. Bəzi dini qruplar belə hesab edir ki, insanın yeganə və ən başlıca işi Allaha sitayiş edib ruhun xilası haqda düşünməkdir. Onların fikrincə, insanın hiss, ehtiras və istəklərinə aid hər bir şey onu bu vacib işdən ayırır və ümumiyyətlə, cəmiyyətə ziyan vurur.

Belə qrupların hakimiyyətdə olduğu dövlətlərin qanunları, əsasən, əxlaqın keşiyində durur, insanın nə geyinəcəyini, necə əylənəcəyini və nə ilə məşğul olacağını müəyyən edir. Bazar günləri, yəni xristianların Allaha həsr etməli olduqları gün bu qanunları pozanlar üçünsə xüsusi cəzalar nəzərdə tutulur.

Belə qanunlar Reformasiyadan sonra, əsasən, protestant icmalarının güclü olduğu yerlərdə qəbul olunmuşdu. XVI əsrdə, Con Kalvinin dövründə Cenevrədə ifrat dərəcədə sərt əxlaqi qanunlar hökm sürürdü. Şotlandiyanın bəzi bölgələri də eyni vəziyyətdə idi. Bu, XVII əsrin ortalarında puritanların (rəsmi kilsəni qəbul etməyən ingilis protestantları - latın dilindən təmizlik kimi tərcümə olunan “puritas” sözündən) güclü olduqları İngiltərədə də müşahidə olunurdu.

O vaxtdan heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən qanunlara “puritan qanunları” deyirlər. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti