Qədim mədəniyyətlərdə hesab olunurdu ki, gələcəkdə baş verəcək hadisələr qabaqcadan müəyyən olunub və nəyin olub-olmayacağını allahlar bilir. Bundan başqa, düşünülürdü ki, allahlara müəyyən bir tərzdə dua etməklə öz gələcəyini öyrənmək olar. Latın dilində dua “orate” kimi səslənir. Gələcəyi bilib bunu xəbər vermək isə “oracle”(elan etmək) adlanır. Gələcəkdən xəbər verən adam mənasını verən “orakul” sözü buradan yaranıb.
Qədim Yunanıstanda gələcəkdən xəbər verənlərin ən məşhur və sitayiş edilən məbədi Delfi şəhərində idi. Delfi kahininin gələcəkdən verdiyi xəbərləri müxtəlif cür yozmaq olurdu. Makedoniyalı Filipp Asiyaya yürüş etmək qərarına gələndə ona gələcəkdən belə bir xəbər verdilər: “Qurbanlıq üçün seçilmiş olan başında ölüm tacı qurbangahda gözləyir”. O belə hesab etdi ki, “qurbanlıq üçün seçilmiş” Əhəmənilərdir. Bu, həqiqətən də, belə idi, ancaq qurban onun üçün nəzərdə tutulmamışdı. Filipp özü “seçilmiş” başqa bir qurban idi, çünkü yürüşə başlamamış öldürüldü.
Bu səbəbdən də “orakul” sözünün başqa mənası da var – anlaşılmaz, qarışıq, ikimənalı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiFransanın cənub-şərqində, Rona çayının sahilində Oranj şəhəri yerləşir. XVI əsrdə hollandiyalı bir zadəgan Hollandiyadakı torpaq sahələri ilə bərabər, bu şəhərə də sahib idi. Bu zadəgan Oranlı Vilhelm idi.
1672-ci ildə Hollandiyaya onun nəvəsi, daha bir Oranlı Vilhelm başçılıq edirdi. Onun anası həmin illər İngiltərə kralı olan II Karlın bacısı idi. 1677-ci ildə o, Karlın qardaşı qızı Mariya ilə evlənir (Mariya 1685-ci ildə kral II Yakov adı ilə taxta çıxmış Yakovun qızı idi).
1688-ci ildə II Yakov taxt-tacdan əl çəkməli olur və ingilislər onun yerində Oranlı Vilhelm ilə Mariyanı görmək istəyirlər. Beləliklə, III Vilhelm və II Mariya ingilis taxtına çıxırlar.
Ancaq II Yakov katolik olduğundan katolik İrlandiyası və təbii ki, yenə də katolik olan Fransa kralı XIV Lüdovik onu dəstəkləyirdilər. Mənşəcə ingilis və ya protestantizmə mənsub olmaları səbəbi ilə III Vilhelmin (Oranjdan olan) tərəfində çıxış edən irlandiyalıları isə oranjist adlandırmağa başladılar. Bu ad tam yerinə düşdü, çünki onların özlərinə seçdikləri rəng narıncı (orance), İrlandiyanın İngiltərədən ayrılaraq müstəqillik əldə etməsinin tərəfdarlarının fərqləndirici əlamətləri isə dənizlə əhatə olunmuş ada mənasını verən yaşıl idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. 510-cu ildə afinalılar Hippi adlı tirandan qurtulduqdan sonra yeni bir tiraniyanın yarana bilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görməyə cəhd etdilər. Onlar öz demokratiyalarını qorumaq məcburiyyətində qalaraq ildə bir dəfə xüsusi səsvermə keçirməyə başladılr. Bu zaman onlar heç kimi heç yerə seçmir, kiminsə sürgün edilməsinə qərar verirdilər.
Səsvermə zamanı hər bir afinalı, öz zənnincə, get-gedə dövlətçiliyə zərər vura biləcək qədər çox nüfuz qazanan siyasətçinin adını qeyd edə bilərdi. Əgər hər hansı bir şəxs 6000-dən çox səs toplayırdısa, on il ərzində Afinadan kənarda yaşamağa məcbur olurdu. Onu demokratiyanın möhkəmliyini sınamaq arzusundan çəkindirmək üçün sürgün edirdilər.
Sürgün edilməyə namizədin adı gildən hazırlanmış, buna görə də ucuz və hamının ala biləcəyi gil lövhəciklərin üzərinə yazılırdı. Bu lövhəciklər ostrakon adlanırdı, bu yolla sürgün edilmək isə ostrakizmə məruz qalmaq demək idi. İndi bu söz tək qalmış, təcrid olunmuş, heç kimin dostluq etmədiyi adama münasibətdə işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti