XV və XVI əsrlərdə İtaliya eyni zamanda daim bir-biri ilə müharibə edən kiçik dövlətlərə bölünmüş vəziyyətdə idi. Ondan fərqli olaraq artıq birləşib güclü dövlətlərə çevrilmiş qonşuları isə asanlıqla bir italyan dövlətini qızışdırıb o birinin üstünə sala bilirdi.
Bütün olub-keçənləri Florensiyada doğulmuş dahi italiyalı Nikkolo Makiavelli kədərlə izləyirdi. Mahir diplomat Florensiyada baş vermiş siyasi çevrilişdən sonra istefaya getməyə məcbur qalmışdı. İndi o, bütün vaxtını siyasətin xüsusi bir sənət olduğu haqda əsərlərinə sərf etmək imkanı qazanmışdı. Bu əsərlərində Makiavelli dövləti necə idarə etmək lazım olduğu haqda öz fikirlərini bölüşürdü. Özünün xeyirxah, saf və təmiz bir insan olmasına baxmayaraq, o, etiraf edirdi ki, dövlət başçıları ağır dövrlərdə, reallıq nə qədər amansız olsa da, ona uyğun hərəkət etməlidirlər.
Makiavellinin ölümündən iyirmi il sonra Florensiya şahzadəsi Yekaterina Mediçi Fransa kraliçası oldu. Bu kraliçanın fitnə-fəsad sahəsindəki istedadı çoxlarına onu Makiavellinin prinsipləri ilə hərəkət etməkdə təqsirləndirməyə əsas verdi. Bu, Makiavelliyə qarşı böyük ədalətsizlik idi, ancaq o vaxtdan “makiavellisayağı” kəlməsi “bic”, “əqidəsiz”, “yalançı” sözlərinin sinoniminə çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. 490-cı ildə farslar nəhəng imperiyalarının daxili işlərinə qarışaraq onları təhqir etmiş afinalıları məhv etmək əzmində idilər. Onların ordusu Egey dənizini keçərək Afinanın nəzarətində olan kiçicik Attika yarımadasının şərq sahillərində, Marafon adlanan balaca bir kəndin yaxınlığında peyda oldu. Afina şəhəri özü isə yarımadanın qərb hissəsində yerləşirdi. Qadınlarla qocalar bura toplaşaraq intizar və iztirab içində xəbər gözləyirdilər. Atlar Attikanın dağlıq ərazilərində çapmağa vərdiş etmədiyindən Filippides adlı peşəkar qaçışçını köməyə çağırdılar. O, Marafonla Afina arasındakı 23 mil məsafəni bacardığı qədər tez qət edərək özünü bazar meydanına yığışıb həyəcan içində xəbər gözləyən şəhər sakinlərinə çatdırdı və onlara bircə: “Biz qalib gəldik. Farslar darmadağın edildilər”, – deyə bildi. Sonra isə yerə yıxılıb öldü.
1896-cı ildə Yunanıstan müasir dövrün I Olimpiya Oyunlarına ev sahibliyi edəndə yunanlar yarışlar siyahısına çox uzaq məsafəyə qaçışı da əlavə edərək onu Filippidesin qəhrəmanlığının şərəfinə marafon adlandırdılar. Bu məsafə rəsmi şəkildə 26 mil 385 yard (42 km 195 m) olaraq qəbul edildi.
“Marafon” sözü böyük dözümlülük nəticəsində əldə edilən istənilən müvəffəqiyyətdən danışılarkən işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiV əsrdə hərbi əməliyyatlarda süvari qoşunların rolunun artması ilə bərabər, at saxlayan və ona təlim keçən insanların cəmiyyətdə mövqeləri də yüksəldi. Mehtərbaşının (və ya konsteblin) tabeliyində “marşallar” (“Marahshalh” – qədim german sözü olaraq “madyanlara cavabdeh nökər” deməkdir) var idi.
Fransız dilində bu söz “marechal”a, ingilis dilində isə “marshal”a çevrildi. “Konstebl” sözü kimi “marşal” da tövlədən orduya qədər bir yol qət etdi.
Dünyanın ən məşhur marşalları Fransada doğulublar. Taxt-tac Burbonlar sülaləsinin əlində olan vaxtlar ən tanınmış marşallar Türenn və Voban idi. Napoleonun dövründə isə marşal rütbəsi xüsusi nüfuz qazandı. O, Fransanın hərb sənətinə şöhrət qazandıran və millətin qaymağına çevrilən 18 sərkərdəyə marşal adı verdi. 1918-ci ildə, I Dünya müharibəsi vaxtı Ferdinand Foş və Anri Peten bu rütbəyə layiq görüldülər.
Hal-hazırda dünyanın bir çox ordularında marşal rütbəsi mövcuddur. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiFransa kralı XIV Lüdovik dövrünün ən görkəmli hökmdarı idi. O, sərkərdə kimi də şöhrət qazanmaq istəyirdi. Bu səbədən ölkəni müharibələr silsiləsinə sürüklədi. Nəticədə Fransa Avropanın ən qüdrətli dövlətlərindən birinə çevrildi.
O zamanlar müharibələr xüsusi hazırlıq keçmiş peşəkar hərbçilərdən ibarət kiçik dəstələrlə aparılırdı. Məsələ orasındadır ki, keçmişdə atıcı silahlar o qədər də mükəmməl olmadığından təlim görməmiş əsgərlər bütün istək və bacarıqlarını ortaya qoysalar belə, hədəfi çox nadir hallarda düzgün nişan ala bilirdilər. Bu silahı səmərəli etməyin yeganə yolu əsgərlərə hamının eyni zamanda atəş açmasına imkan yarada biləcək nizami cərgə yaratmağı öyrətmək idi.
XIV Lüdovik, təbii ki, əsgərlərə vahid cərgədə hərəkət eləməyi, sıradakı yerini atəş altında tərk etməməyi, komandirin əmri ilə hamının eyni zamanda tətiyi çəkməyi öyrətməyin vacib olduğunu düşünürdü. Bu iş üçün Lüdovik uyğun bir adam tapdı – onun adı Jan Martine idi. 1660–70-ci illər arasında o, ardı-arası kəsilməyən qaba hərbi təlimlər nəticəsində istədiyi məqsədə çatdı. Buna görə, təbii ki, hamı ona nifrət edirdi.
O vaxtdan sərt hərbi nizam-intizam tərəfdarlarını Martine adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. 377-ci ildə Kiçik Asiyanın cənub-şərqini Mavsol isimli hökmdar idarə etməyə başlayır. Kiçik Asiyanın bu hissəsi Kariya adlanırdı. Mavsol yunanlar və onların mədəniyyətinə valeh idi, daim yunan şəhərləri arasında yaranan münaqişələrə qarışırdı. Nəhayət, çar Kariyanın paytaxtını sahil şəhəri Halikarnasa köçürür.
Mavsol bütün yunan dünyasına hökmranlıq etmək arzusunda idi. O, Egey dənizi adalarını hakimiyyəti altında olduqları Afinaya qarşı qızışdırır və Kariya sahillərinə yaxın yerləşən Rodos adasına nəzarəti ələ keçirir. Ancaq bundan az sonra, e.ə. 353-cü ildə çar qəflətən vəfat edir.
Mavsolun dul qalmış həyat yoldaşı Artemisiya təsəllini ərinə abidə ucaltmaqda tapır. O, Halikarnas limanından ucalan nəhəng məqbərə inşa etməyi əmr edir. Məqbərədə dünyasını dəyişmiş çarın nəşi ilə yanaşı, onun bir neçə böyük heykəli də var imiş. İçəridən tikilinin divarlarını barelyeflər bəzəyirmiş. Amma məqbərə dövrümüzə qədər gəlib çıxmayıb.
Yunanlar Mavsolun Mavsoley adlandırılmış abidəsini dünyanın yeddi möcüzəsi siyahısına daxil etmişlər. İndi biz Mavsolu ancaq buna görə xatırlayırıq. O vaxtdan etibarən dəbdəbə ilə bəzədilmiş istənilən məqbərə və ya “vahiməli” görkəmi ilə sərdabəni xatırladan istənilən tikili mavzoley adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiAvropa tarix boyu köçəri Orta Asiya tayfalarının yürüşlərindən əziyyət çəkib. Avropaya axırıncı gəlib çıxan həmin köçərilər çiçəklənmə dövrlərini Çingizxanın hakimiyyəti zamanı yaşamış monqollar oldu. 1237-ci ildə, onun xələfi Oqday xanın hakimiyyəti dövründə, monqol ordusu rus torpaqlarına basqın edir və Mərkəzi Avropanın dərinliklərinə qədər irəliləyir. Monqollar buranı məğlub olmadan, sadəcə, Oqday xan öldüyü və taxt-taca yeni varis seçmək lazım olduğu üçün tərk etdilər. Onlar bir daha Mərkəzi Avropaya qayıtmadılar.
Onlar qüdrətlərini bir də 1369-cu ildə nümayiş etdirdilər. Hakimiyyətə gəlmiş Teymur (Teymurləng) imperiyasını Asiya və Şərqi Avropanın hesabına genişləndirməyə başladı.
Teymurun xələflərindən olan Babur 1526-cı ildə Hindistanı istila edərək Böyük Moğol (farslar monqolları bu cür adlandırırmışlar) imperiyasını yaratdı. İki əsr ərzində Moğol imperiyası Asiyanın ən qüdrətli dövlətlərindən biri olaraq qaldı. Onun sonuncu hökmdarı 1707-ci ildə dünyasını dəyişən Övrəngzeb (Aləmgir) idi.
Bu, ingilis və fransızların Hindistana tədricən nüfuz etməyə başladıqları dövr idi. 1757-ci ildə general Robert Klayv hindliləri və fransızları məğlub etdikdən sonra ingilislər bütün ölkəyə nəzarət eləməyə başladılar. Moğol imperatorları hələ bir əsr də kağız üzərində ölkənin hökmdarı olaraq qalsalar da, əllərində gerçək hakimiyyət yox idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti1917-ci ildə Rusiyada bolşevik inqilabında yaxından iştirak edənlərdən biri Vyaçeslav Molotov idi. O sonralar sovet diktatoru İosif Stalinin yaxın silahdaşlarından birinə çevrildi.
1939-cu ildə nasist Almaniyası açıq-aşkar müharibəyə hazırlaşır və təcavüzkar siyasət yürüdürdü. Stalin ölkəsini sığortalayıb təhlükəsizliyini təmin etmək üçün nasistlərlə sülh sazişi imzalamaq məqsədilə danışıqlara başladı. Danışıqları o zaman SSRİ-nin xarici işlər naziri təyin edilən Molotov aparırdı. O, nasistlərlə sülh müqaviləsi haqda danışıqları müvəffəqiyyətlə başa çatdırdı. Ancaq bağlanan müqaviləyə baxmayaraq, Stalin Hitlerə etibar etmirdi. SSRİ Finlandiyada da mövqelərini möhkəmləndirmək istəyirdi, amma finlər 1939–40-cı illərin qışında baş verən qısamüddətli müharibə zamanı buna ciddi müqavimət göstərdilər.
Finlər içinə ağ neft doldurulmuş şərab şüşəsindən ibarət əldəqayırma silah icad etmişdilər. Qapağın üzərindəki dəlikdən keçirilmiş bikford fitili vasitəsilə həmin maddə alışdırılırdı. Şüşə tanka dəyəndə sınır, yanan ağ neft isə zirehin üzərinə dağılırdı. Bu silaha SSRİ xarici işlər naziri Molotova kinayəli salam atəşi olaraq Molotov kokteyli adı verildı.
Molotov Stalinin ölümündən üç il sonra, 1956-cı ildə tutduğu yüksək vəzifəni itirməsinə baxmayaraq, “Molotov kokteyli” ifadəsi bütün dünyada geniş yayıldı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti
Qədim misirlilər üçün insanın ölümündən sonra onun bədənini qoruyub saxlamaq çox vacib idi. Misirlilərin axirət dünyası haqda olduqca mürəkkəb təsəvvür sistemləri var idi. Onlar hesab edirdilər ki, ölümdən sonrakı həyatın bütün üstünlüklərindən yalnız dünyasını dəyişdikdən sonra bədənləri qorunub saxlananlar tam yararlana bilərlər.
Buna görə də misirlilər ölənlərin bədənlərini konservləşdirmək üçün müxtəlif üsullara əl atırdılar. Daxili orqanları çıxardaraq ayrıca daş qablarda saxlayırdılar. Həyatın əsasını təşkil edən ürəyi isə yenidən bədənə qaytarırdılar.
Sonra bədəni xüsusi məhlulların içinə yerləşdirirdilər. Həmçinin çox geniş yayılmış maddələrdən – arı mumu, yağ və duzdan da istifadə edirdilər. Olduqca mürəkkəb olan bu proses 70 gün çəkə bilərdi. Sonra bədəni su keçirməsin deyə mum hopdurulmuş kətan bintlə sarıyırdılar.
E.ə. 525-ci ildə Misiri tutan farsların diqqətini, əsasən, bədənə dolanmış kətanın üzərindəki nazik mum təbəqə cəlb etmişdi. Farslar onu mum adlandırmağa başladılar. Misiri bundan 1100 il sonra istila edən ərəblər üçün bu söz “mumia”ya, yəni bizim bu gün də işlətdiyimiz “mumiya“ya çevrildi.
Vaxt keçdikcə bu söz daha geniş məna kəsb etdi. Təsadüfən hansısa xüsusi bir şəraitə düşərək çürüməyən cəsəd mumiyalanmış adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti