Reklam
Reklam

Fizika terminlər lüğəti

KOMA1 yun. kōma – mürgü, dərin yuxu

tib. Həyat üçün təhlükəli hal.

Huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyanın olmaması, yaxud kəskin surətdə azalması, reflekslərin sönməsi, tənəffüs tezliyi və dərinliyinin, damar tonusunun, temperatur tənziminin pozulması ilə xarakterizə olunur. K. beyində qan dövranının kəskin pozulması, baş travmaları, beynin iltihabi xəstəlikləri, müxtəlif zəhərlənmələr, uremiya, şəkərli diabet, hepatit və digər xəstəliklərdə baş verən tormozlanmanın beyin qabığına, qabıqaltı düyünlərə və sinir sisteminin aşağıda yerləşmiş hissələrinə yayılması nəticəsində meydana çıxır. Müalicəsi: K.-nı törədən əsas səbəbi aradan qaldırmaq, turşu-qələvi tarazlığının, tənəffüs pozğunluğunun və beyində oksigen çatışmazlığının qarşısını almaq.

KOMA2 yun. kómē – saç

Optik sistemlərdə xəyalın təhrif növlərindən biri.

Optik sistemlərdən keçən şüa dəstəsinin sistemin oxuna nəzərən simmetriyası pozulduqda nöqtənin xəyalı qeyri-simmetrik işıqlı ləkə şəklində alınır. Ləkənin sahəsi apertur bucağının kvadratı və nöqtədən (obyektdən) sistemin oxunadək məsafə ilə mütənasib olur. Mərkəzləşmiş optik sistemin oxu üzərindəki nöqtə üçün K. sıfırdır. Lakin sferik səthlərdən hətta biri mərkəzlikdən çıxarsa, sistemin oxu üzərində yerləşmiş nöqtə üçün də K. müşahidə olunar. Müvafiq linzalar sistemi (aplanat) seçməklə K. sferik aberrasiya ilə birlikdə aradan qaldırılır.

Fizika terminlər lüğəti

KONVEKSİYA1 lat. convectio – daşınma, gətirilmə

fiz. Qaz, maye və ya səpələnən mühitlərdə maddə axını ilə istiliyin daşınması.

İki növdür: təbii K. və məcburi K. Təbii K. ağırlıq qüvvəsi sahəsində olan maye və ya səpələnən maddələrin qeyri-bərabər qızması (aşağıdan qızma) zamanı yaranır. Maddəni aşağıdan qızdırdıqda onun temperaturu yüksək olan layında sıxlıq azalır. Arximed qüvvəsinin təsiri ilə isti lay soyuq, soyuq lay isə isti tərəfə keçir. Layların temperaturlar fərqi nə qədər böyükdürsə, K.-nın intensivliyi də bir o qədər böyük olur. Məcburi K. xarici amillərin (nasos, qarışdırıcı və s.) təsiri ilə yaranır. Burada istiliyin daşınma intensivliyi maddənin məcburi hərəkət sürətindən də asılıdır. K.-dan texnikada geniş istifadə olunur.

KONVEKSİYA2 lat. convectio – daşınma, gətirilmə

coğr. Atmosferdə müəyyən miqdar hava kütləsinin şaquli hərəkəti.

Ətraf mühitə nisbətən daha isti və seyrək havanın yuxarı, daha soyuq və sıx havanın isə aşağı hərəkəti nəticəsində baş verir. K. zəif inkişaf etdikdə nizamsız, turbulent xarakterli olur. K. gücləndikdə isə Yer səthinin ayrı-ayrı sahələrində yuxarı qalxan (bəzən stratosferədək) və aşağı enən hava axınları əmələ gəlir. Qalxan havanın sürəti bəzən 20-30 m/san-dən çox olur. K. atmosferin (xüsusilə ekvatorial enliklərdə) aşağı və yuxarı qatları arasında istilik və rütubət mübadiləsində mühüm rol oynayır.

KONVEKSİYA3 lat. convectio – daşınma, gətirilmə

coğr. Suyun şaquli hərəkəti.

Suyun sıxlığının dəyişməsindən əmələ gəlir. K. okeanın yuxarı qatlarında və səthində temperaturun aşağı düşdüyü, yaxud duzluluğun artdığı, böyük dərinliklərdə isə temperaturun adiabatik yüksəldiyi şəraitdə inkişaf edir. K. əhatə etdiyi qatlarda suyun qarışmasına, soyuq və isti səthaltı su qatlarının əmələ gəlməsinə, daha aşağı qatların oksigenlə zənginləşməsinə səbəb olur. Payız-qış dövründə K. böyük dərinliklərə, ayrı-ayrı subtropik və tropik qurşaqların dənizlərində isə dibədək yayılır.

Fizika terminlər lüğəti