Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏMŞİD fars.

camçid dəbdəbəli, cah-calallı, parıldayan, bərq vuran mənasındadır. İranın qədim əfsanəvi padşahlarından olan Cəmşidin adındandır.

 

Rəvayətə görə, onun taxtını divlər gəzdirirmiş, paltarları və taxtı qızıldan imiş. Cəmşid şah barədə əfsanələr, rəvayətlər çoxdur. Dini rəvayətlərdə deyilir ki, 124 min peyğəmbərdən biri olan Süleymanın sehrli üzüyü, Cəmşidin sehrli camı, fateh İsgəndərin isə sehrli güzgüsü varmış. Bütün dünyada baş verən hadisələr guya bunlar vasitəsilə məlum olarmış. Bu gün də Şərqdə Cəmşidin camı ilə bağlı rəvayətlər, əfsanələr, nağıllar mövcuddur. Klassik ədəbiyyatda Cəmşid adına Firdövsinin “Şahnamə” əsərində, N.Gəncəvinin “İsgəndərnamə” poemasında rast gəlinir. Mənbələrdə İranın ən qədim Pişdadilər sülaləsindən dördüncü hökmdarın adının Cəm olması barədə məlumatlara rast gəlinir. Cəm adına əlavə edilən şid isə pəhləvi dilində “güclü parıltı, nur topası” deməkdir. Fars dilində şid sözünün qoşulduğu antroponimlər az deyil. Məsələn, Xurşid (bax: ad – XURŞİD) şəxs adında olduğu kimi. Günəş anlamını ifadə edən Xurşid adında da həmin şid sözünün işlənməsi ilə antroponimin məzmununda günəşə məxsus parıltı, parlaqlıq məzmunu ifadə edilir. Beləliklə, aydın olur ki, Cəmşid kişi adı cah-calallı hökmdar anlamını ifadə edir. Hökmdara belə ad verilməsinə səbəb olan odur ki, guya onun dövründə yer üzündə tam səadət bərqərar olmuşdu, xəstəliklərdən əsər-əlamət belə qalmayıbmış. Heç ölüm də yox imiş. Məhz bütün bunlar klassik ədəbiyyatda Şah Cəmşidin uzun zaman bir çox tanınmış, məşhur sənətkarların əsərlərində mədh olunmasına səbəb olmuşdu. Cəmşid padşahın adı sonralar da firavan həyat rəmzi kimi xalq arasında yayılmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu gün Türkiyə türklərinin məişətində mövcud Cəm (Cem şəklindədir) kişi adı çox geniş yayılmışdır. Adın daşıyıcılarından hərbi xadim, briqada komandiri Cəmşid Naxçıvanski (1895-1938) Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirəndən sonra (1915) Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Avstriya–Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli “Anna”, 2-ci, 3-cü dərəcəli “Stanislav” ordenləri ilə təltif olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏNNƏTQULU ərəb.

mürəkkəb adların tərkibində işlənən Cannat Qulu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cənnətqulu (bax: ad – CƏNNƏT; QULU) kişi adı cənnətdə, gözəl, səfalı mənzərəli yerdə, behiştdə qulluq edən anlamını ifadə edir.

Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Cənnətqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti