Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYMUR türk.

eymur sözündən olub, şəfəq, başlangıc, həmçinin son dərəcə yaxşı olmaq mənasındadır. Etnonim əsasında yaranan kişi adlarındandır. Eymur şəxs adı Eymur tayfasının adı ilə əlaqələndirilir.

 

Eymur sözünün etnonim olması barədə məlumatlara hələ Mahmud Kaşğarinin “Divanü-Lüğət ət-Türk” lüğətində rast gəlinir. Müəllif göstərir ki, Eymurlar oğuz tayfalarının iyirmi iki nəslindən biridir. Eymur sözü etnonim olaraq F.Rəşidəddinin “Oğuznamə”sində böyük ordusu və əsgəri olan mənasında izah olunmuşdur. Tarixdən o da məlumdur ki, XII əsrdə Səlcuq yürüşlərində fəal iştirak etmiş Eymurlar/Emirlər/İmirlər tayfası Səfəvilər dövlətinin ictimai və siyasi həyatında da müəyyən rol oynamışdır. Eymur Azərbaycan antroponimikasında apelyativi arxaikləşmiş kişi adlarındandır. Qeyd etmək lazımdır ki, Azərbaycanda, eləcə də qədim dövrlərdən türklərin yaşayış məskənlərində Eymur toponimi də geniş yayılmışdır. Ağdaş rayonunda da Eymur kəndi var. Bəzi mənbələrdə Eymur ayrım toponimlərindən hesab edilir. Gədəbəy rayonunda yaşayan eymurların/ emirlərin/imirlərin adı ilə bağlı Emir çayı, həmçinin Emir kəndi də mövcuddur. Eymur adını Qərbi Azərbaycan ərazisində (İrəvan yaxınlığında) üç kəndin daşıması həmin ərazilərin də türklərin qədim yaşayış məskənlərindən olması ilə bağlı mülahizələri bir daha təsdiq edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYNULLA ərəb.

eynüllah (əslində ayn üllah) sözündəndir. Əslində Eynullah (bax: ÜLLAH) olan kişi adı Allahın, Tanrının əzizi, əziz məxluqu, Allahın, Tanrının gözü, Tanrının çeşməsi mənasındadır.

Adın təhrif olunmuş forması Eynulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Eynullah adı bu gün yalnız Eynulla formasında mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZ türk.

eyvaz sözündəndir. Eyvaz qədim türk dillərində düzülmüş, biçilmiş, qaydaya salınmış mənalarında işlədilmişdir. Araşdırmalarda Eyvaz antroponimi oğuz tayfa ittifaqına daxil olan Təklələrin (sonrakı mərhələdə Şahsevənlərin) tərkibinə daxil olmuş Eyvazlı tirəsinin adı ilə əlaqələndirilir. Lakin bəzi mənbələrdə adın nədənsə ərəb mənşəli əvəz sözündən olduğu ilə bağlı, Əvəz (bax: ad – ƏVƏZ) adının Azərbaycan dilində Eyvaz formasında işlədilməsi barədə də məlumatlara rast gəlinir. O da məlumdur ki, eyvaz Türkiyədə qeyri millətlərdən olan xidmətçilərə verilən ad olmuşdur.

Qəhrəmanlıq dastanlarımızdan olan “Koroğlu” dastanında xalq qəhrəmanı Koroğlunun övladlığa götürdüyü gəncin adı da Eyvaz olmuşdur. XX əsrin ortalarına yaxın dastanın toplanması, nəşri, tədqiqi ilə bağlı bir çox işlər görülürdü. Məişətimizdə Eyvaz adının geniş yayılması da dastana olan xalq məhəbbətindən irəli gəlirdi. XX əsrin sonundan müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.

Azərbaycanda Eyvaz adı ilə əlaqədar kifayət qədər yer adlarına (Eyvazlı, Eyvazalılar, Eyvazxanbəyli və s.) rast gəlinir. Tədqiqatlarda cənubda Masallı bölgəsində Eyvazkəsdi dağının yaxınlığındakı eyniadlı meşə haqqında belə bir məlumata rast gəlinir ki, bu meşəyə Eyvaz adlı birisi qulluq etdiyindən meşə onun adı ilə adlandırılmışdır. Əslində Eyvazkəsdi oronimi Eyvazuşağı, Eyvazoğulları etnoniminin sinonimi olan Eyvazkəsli, yəni Eyvazdan törəmələr, Eyvazın nəslinin adı ilə əlaqədardır.Bu da Azərbaycanın bir çox yerlərində Eyvaz adı ilə bağlı yer adlarının olması (Ağdam, Qubadlı, Beyləqan, Goranboy ərazisində kənd adı, Şərurda məhəllə və s.) ilə əlaqədardır. Qazaxda Eyvazalılar (yerli tələffüz formasında Ayvazalılar), Ağdamda Eyvazxanbəylilər (sonrakı mərhələdə Məmmədxanbəylilər) məşhur nəsillərdən hesab edilir. Bütün bunlar Eyvaz antroponiminin türk mənşəli olduğuna dəlalət edir. Qeyd etmək lazımdır ki, Eyvaz (bəzən Ayvaz) kişi adı, eləcə də addan formalaşmış soyadlar bu gün Cənubi Qafqaz xalqlarının məişətində mövcud antroponimlərdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZƏLİ türk.

mürəkkəb adların tərkibində işlənən Eyvaz və ərəb. Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Eyvazəli (bax: ad – EYVAZ; ƏLİ) kişi adı nüfuzlu, mənsəb sahibi Eyvaz anlamını ifadə edir.

Adın təhrif olunmuş forması Eyvazalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Tədqiqatlarda Gəncə-Qazax düzənliyində yerləşən Eyvazalılar kəndinin adını həmin yaşayış məskənini salmış Eyvazalı adlı şəxsin adı ilə əlaqələndirirlər. Qazax bölgəsinin Xanlıqlar kəndində həmin nəslin davamçıları bu gün də yaşayır. İmişli rayonu ərazisində də Eyvazalı kəndi vardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZXAN türk.

mürəkkəb adların tərkibində işlənən Eyvaz adı və arxaikləşmiş xan titulunun birləşməsindən yaranmış şəxs adıdır. Eyvazxan (bax: ad – EYVAZ; XAN) kişi adı Eyvaz xan mənasındadır. Xan titulu Eyvaz adına möhtəşəmlik, əzəmət vermək üçündür.

XVII–XVIII əsrlərə aid edilən “Koroğlu” dastanında Koroğlunun oğulluğa götürdüyü Eyvaz da qoşmalarda, gəraylılarda, bayatılarda Xan Eyvazım, Xan Eyvaz deyə mədh edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti