►«Deyilən sözü geri qaytarmaq mümkün deyil» mənasında işlədilən ifadə.
İfadə Ərəb xilafəti dövründə yaşamış məşhur şair Əbu Nüvasın adı ilə bağlı yaranaraq geniş yayılmışdır.
Əbu Nüvas zəmanəsinin cəsarətli söz adamlarından biri idi və xəlifə Harun ər-Rəşidin hakimiyyəti (786–809) dövründə yazdığı həcvlərlə tanınırdı. Yaltaqlığı heç sevməyən Ə.Nüvas günlərin birində şair və saray katibi Abban əl-Laxikinin hakimiyyətə yaxın olan Barmahidlər nəslinin şəninə yaltaqcasına bir mədhiyyə yazdığından xəbər tutur. Əbu Nüvas bundan hirslənir və həmin şeirə həcvlə cavab verir. Sonra həmin həcvi Laxikinin də olduğu kiçik bir məclisdə oxuyur.
Həcv dinləyənlər arasında böyük gülüşə səbəb olur. Abban ona cavab verə bilmədiyindən pərt olur və utandığından nə edəcəyini bilmir. Ona görə Əbu Nüvasa yalvarır ki, həcvi heç kimə verməsin və yaymasın. Dinləyənlərdən də rica edir ki, bu həcv haqda danışıb onu dilə-ağıza salmasınlar. Ancaq Əbu Nüvas deyir ki, söz ki ağızdan çıxdı, artıq sənin deyil. İndi susmaqdan ötrü mənə hətta bütün dünyanı mükafat versələr, xeyri yoxdur, bu şeiri bacardıqca çox yayacam!
Hazırda dilimizdə bu deyimlə yanaşı, eyni mənada «ox yaydan çıxıb», «deyilən sözü geri qaytara bilməzsən», «ağızdan çıxan söz sənin deyil» və bu kimi ifadələr də geniş işlənir.
Məsəllər, deyimlər►Əbəs yerə əziyyət çəkmək, nəticəsi olmayan tənqidlər etmək, boş yerə danışmaq.
İfadə qədim yunan şairi Homerin yaradıcılığından qaynaqlanır.
Homerin «Odisseya» poemasının qəhrəmanlarından biri olan Yevril qəfildən işlətdiyi kəskin sözlər haqqında belə demişdir: «Əgər kəskin söz işlətmişəmsə, qoy onu külək uzaqlara aparıb dağıtsın».
Bəzi insanlar yerinə yetirilmə imkanlarını düşünmədən müxtəlif vədlər verməyi xoşlayırlar. Belə vədlər vərəqdə yazılmır, çəkisi olmur, onları «işə cəlb etmək» də mümkün deyil. Belə vədlər sadəcə küləkdə uçan yarpaqlar kimidir: uçandan sonra unudulur. Bəzən də əksinə olur. «Sözü havaya deməmək» ifadəsi isə öz sözünün sahibi olmaq, verdiyi vədi yerinə yetirmək mənasını verir.
Bizim günlərdə bu söz mətbuatda və şifahi nitqdə tez-tez işlədilir.
Məsəllər, deyimlər►Dediyi nahaq bir sözə görə əzab çəkmək, narahat və peşman olmaq.
İfadə xalq arasında yayılmış bir rəvayətlə bağlıdır.
Həmin rəvayətdə deyilir ki, bir vilayətdə mömin bir qoca din xadimi, müfti, vaiz olmaqla yanaşı, həm də qazı yanında müşavirlik edərdi. Vilayət rəisinin də ələvi bir oğlu var idi. O da vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdi.
Bir gün bu ələvi minbərdən həmin qocanı «kafir» adlandırdı. Xəbəri qocaya çatdırdılar, o da minbərdən həmin cavanı «haramzadə» sözü ilə damğaladı. Xəbəri ələviyə çatdıranda cavan müşavir özündən çıxdı, tez yerindən qalxıb qazının yanına getdi. Qocadan şikayət edib ağladı. Qazının qocaya acığı tutdu, onu çağırtdırdı və söylədiyi sözü sübut etməzsə, onu cəzalandıracağını bildirdi. Qoca dedi ki, oğlanın atası ilə anasının kəbinlərini vaxtilə özü kəsib. İndi oğlan onu «kafir» adlandırır. Əgər bu doğrudursa, demək, həmin oğlan «haramzadədir», çünki kafirin kəsdiyi kəbin haramdır. Yox, əgər bu söz doğru deyilsə, demək, o oğlan yalançıdır və ona cəza vermək lazımdır. Cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Fikirləşməyib dediyi sözün ağrısını çəkdi.
Məsəllər, deyimlər►Olduqca sərt qanunlara, bərabərliyə və sadə yaşayış qaydalarına əsaslanan həyat tərzi haqqında işlədilən ifadə.
İfadə eramızdan əvvəl Qədim Yunanıstanda mövcud olmuş Sparta (latınca Lakedemon) dövlətinin formalaşmış həyat tərzindən qaynaqlanaraq yayılmışdır.
Miladdan öncə X–VIII əsrlərdə «bərabərlik olmayan yerdə nizam-intizam da olmaz» prinsipini əsas tutan Sparta hökmdarı Likurq sözün həqiqi mənasında aristokratik dövlət nümunəsi yarada bilmişdir. O, şəhərdə yeni, ədalətli və eyni zamanda sərt qanunlar tətbiq etdi. Likurq hesab edirdi ki, bütün torpaqlardan əldə edilən məhsul Sparta ailələri arasında bərabər bölünməlidir. İnsanlar arasında paxıllıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeməli idilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Oğlanlar yeddi yaşından böyüklərdən ayrı hərbi düşərgələrdə yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılınc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Burada onlar gündəlik həyatda dözümlü və qənaətcil, döyüşdə cəsur və mətin olmağa alışdırılırdılar. Bu yolla uşaqlarda iradə, səbir və dözüm tərbiyə edilirdi. Sparta həyatı keçirən və ya Sparta tərbiyəsi almış adam dedikdə çox sadə həyat tərzinə malik, məişətdə yalnız ən vacib şeylərə qane olan insanlar nəzərdə tutulur.
Çox keçmədi ki, bütün Yunanıstanda və Avropada «spartalı» sözünün özü rəmzi məna daşımağa başladı. Müasir dövrümüzdə də aza qane olan, fiziki cəhətdən güclü, bütün məhrumiyyətlərə mətinliklə sinə gərən adamları belə adlandırırlar.
Məsəllər, deyimlər►Hədər yerә, çox kiçik vә әhәmiyyәtsiz olan bir iş, fakt, hadisә vә әşya ilә әlaqədar böyük hәyәcan yaratmağa münasibətdə işlədilən ifadə.
İfadənin yayılması görkәmli fransız mütәfәkkiri Monteskyönün adı ilə bağlıdır.
Fransa yazıçısı Onore de Balzakın yazdığına görә, bu ifadәnin mәşhurlaşmasında Monteskyönün mühüm rolu olmuşdur. O, San-Marino cırtdan respublikasındakı siyasi hәrc-mәrcliyi, nizamsızlığı sәciyyəlәndirmәk üçün həmin ifadәni işlәtmişdi.
Əslində isə ifadə fransız diplomatı və yazıçısı Lui Dütansa (1730–1832) məxsusdur. O, 1806-cı ildə yazdığı məqalədə rus imperatoru I Pavelin Fransa burjua inqilabının tәsiri ilә Cenevrәdə baş verәn iğtişaşlara münasibətini «stәkanda fırtına» adlandırmışdı. Bәzi mәnbәlərdә bu ifadәnin mәnşәcә daһa qədim olduğu göstәrilir. Hәlә Siseron dövründә Romada buna yaxın ifadə («tәknәdә tufan qaldırmaq») mәşhur olmuşdur.
Məsəllər, deyimlər►Nankorluq etmək, hər hansı yaxşılığın müqabilində pislik, nadürüstlük etmək, münasibətləri pozmaq.
İfadə Şərq xalqlarının bir çoxunun folklorunda yayılmış məşhur və ibrətamiz bir əhvalatla bağlıdır.
Rəvayətə görə, səhrada su ehtiyatı qurtaran iki nəfər uzun-uzadı su axtarışına çıxır. Nəhayət, yolçular bir quyuya rast gəlirlər. Bolluca su içib yanğılarını söndürürlər, əl-üzlərini yuyub sərinlənirlər. Sonra quyunun yanında uzanıb yuxuya gedirlər.
Onları yuxudan at kişnərtisi oyadır. Qalxıb bir nəfər atlının quyuya yaxınlaşdığını görürlər. Həmin adam quyuya yaxınlaşır, salamsız-kalamsız quyudan su çəkib içməyə başlayır. Sonra atına da su verir. Yenidən üzünə su vurur, ağzını yaxalayır və yaxantını kənara deyil, quyuya tüpürür. Bunu görən yolçular atlını tənbeh edirlər ki, su içdiyin quyuya tüpürmə, çünki yenə bu quyudan su içəcəksən. Lakin atlı onların sözünə məhəl qoymadan bu dəfə açıq-aşkar quyuya tüpürür. Belə olduqda yolçulardan biri xəncərini çıxarıb azğın atlını öldürür.
Əslində, suyun və su quyusunun qədrini bilməyin vacibliyini qabardan bu ifadə sonradan məcazlaşaraq «nankorluq etmək», «qədrini bilməmək» mənasında işlənməyə başlamışdır.
Məsəllər, deyimlər►Adətən, hər hansı sual və ya davranışa münasibətdə cavab almadıqda susmağı razılıq əlaməti kimi qələmə vermək istəyərkən işlədilən ifadə.
Ehtimallara görə, ifadə qədim yunan şair-dramaturqu Sofoklun (e.ə. 496–406) «Traxiniya qadınları» faciəsindən qaynaqlanır.
Sofoklun həmin əsərində qəhrəmanlardan biri belə sual edir: «Bəyəm sən başa düşmürsənmi ki, sən susmağınla ittihamla razılaşmış olursan?»
Xristian alimləri latınca da («silentium videtur confessio») məşhur olan bu ifadənin ilk dəfə yazılı şəkildə Roma papası VIII Bonifasinin (1294–1303) kilsə hüququna daxil edilmiş məktubunda verildiyini qeyd edirlər. Bu ifadə dünya dillərinin əksəriyyətində eyni şəkildə işlədilir.
Azərbaycan dilində susmaqla bağlı tamamilə başqa mənada «Danışmaq gümüşdürsə, susmaq qızıldır» atalar sözü işlənir.
Məsəllər, deyimlər►Gələcək hadisələri dəqiq proqnozlaşdırmaq, gələcəkdən, olacaqlardan xəbər tutmaq.
İfadə mənşə etibarilə bütpərəstlikdən qaynaqlanaraq yayılmışdır.
Bütpərəstlərin təsəvvürünə görə, falçılar suya baxaraq insanın taleyini öyrənə, gələcəyi görə, gələcək təhlükələr haqqında xəbər verə bilərdilər. Ərə getmək arzusunda olan qızlar gələcək nişanlılarının surətini qabın içindəki suyun üzərində görməyə cəhd edərdilər. Su ilə dolu olan qabı gecə çarpayının altına qoyar, şər qüvvələri uzaqlaşdırmaq üçünsə onun içinə fındıq qabıqları, mumlar, yemək qırıntıları atardılar. Səhərlər isə durub çox diqqət və həsrətlə həmin suya baxardılar.
Bu falabaxmalara görə də bir çox dillərdə bir şeyi diqqətlə proqnozlaşdırmağı, səhvə yol verməməyi bildirmək məqsədilə «suya baxan kimi» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Təsir edərək düz yoldan çıxartmaq, kələfi dolaşdırmaq, aranı qatmaq.
İfadə balıqçılar arasında geniş yayılmış ov üsulundan yaranaraq populyarlaşmışdır.
Keçmişdə balıq ovu xüsusi bulanmış suda həyata keçirilirdi. Güman edilirdi ki, bulanıq suda balıq torları görməyəcək və ora düşəcək. Amma zaman keçdikcə ifadə fərqli məna verməyə başladı.
Qədim yunan şairi Ezop öz təmsillərinin birində guya balıq tutmaq üçün əlləşən, əslində isə öz qonşusunun zəhləsini tökmək niyyətində olan bir hiyləgər balıqçının qəsdən suyu bulandırmasından bəhs edir.
O vaxtdan bəri bu ifadə nalayiq və vicdansız yolla mənfəət qazananları, həmçinin müəyyən bir işdə aranı qarışdıraraq yaranmış vəziyyətdən öz xeyri üçün faydalanmaq istəyən insanları xarakterizə edir.
Məsəllər, deyimlər►Kimәsə oxşamaq, onu xatırlatmaq, yada salmaq, tanış gəlmək.
İfadə «soy» sözünün təhrif olunaraq «su» kimi işlənməsi nəticəsində yaranmışdır.
Birləşmənin birinci komponenti «su» yox, әslindә, «soy» sözündәn ibarәtdir: soyu çәkmәk. «Soy» sözü nәsil demәkdir. «Soyu çәkmәk», yəni hәmin nәsildәn kimә isә oxşamaq, kimi isә xatırlatmaq.
Müasir tәbiətşünaslıq insanın hәr hansı bir әlamәtinә görә nәsli xüsusiyyәtlәrә malik olduğunu tәsdiq edir. Bu fikir Məmməd Aslanın «Әrzurumun gәdiyinә varanda...» әsәrindә obrazlı şəkildә belə ifadә olunmuşdur: «Tarixboyu ölülәri dirilәr yaşadıb, diriləri dә ölülәr. İnsanın hәr hüceyrәsi ölü babalarının әbәdi yaşamaq ehtirasının әlamәtidir. Hәr toxumamız yeddi arxadan bәri gәlib-getmişlәrin bugünkü canlı yaşantısıdır».
Eyni mәnada dilimizdə «bir suyu (kiməsə) oxşamaq» ifadәsi də işlәdilir.
Məsəllər, deyimlər►Bolluğu, firavanlığı, rahatlığı bildirmək məqsədilə işlədilən ifadə.
İfadə türk xalqlarının әsatirlәrində göy qübbəsi haqqındakı təsəvvürlərdən qaynaqlanır.
Qәdim türk әsatirlәrinә görә, yeddi qatdan ibarət olan göyün әn uca məqamında böyük mәbud olan gün (ana), altıncı qatda isә ay (ata) yerlәşir. Әn gözәl vә maraqlı məkan üçüncü qat sayılır. Bu qatda Bayülkәnin iki oğlu oturur. Burada həm ilahlar yaşayır, hәm dә insanların cәnnәti Ağ ölkә yerlәşir. Bütün hәyatın qaynağı olan Süd gölü dә məhz burada – göyün üçüncü qatındadır.
Rəvayətə görə, hәr hansı bir uşaq dünyaya gәldikdә gözәllik, mәhәbbәt vә doğum ilahәsi Ayzit bu süd gölündәn bir damla süd alıb һәmin uşağa içizdirir. Bu bir damla süd uşağa ruһ, hәyat vermiş olur. Ona görә dә doğum ilahәsinә bәzәn «südoğlu» da deyilir.
Məsəllər, deyimlər►Maddi cəhətdən hər şeyi olmaq, azad, firavan, heç bir sıxıntı çəkmədən rahat həyat yaşamaq.
İfadə qədim insanların firavan və qayğısız həyat haqqında arzu və təsəvvürlərindən qaynaqlanır.
Rus xalq nağıllarında tez-tez süd gölləri və bal sahilləri haqqında süjetlərə rast gəlmək olar. Ağır zəhmətlə çörək qazanan xalq özünün qayğısız və zəngin həyat haqqında arzularını folklorda ifadə etmişdir. Süd və bal göllərinə əksər xalqların əfsanələrində rast gəlmək olar. «Əhdi-ətiq»də Tanrı Musa peyğəmbərə İsrail xalqını Misirdən çıxaracağına və onları «süd və bal» axan yaxşı və geniş torpağa gətirəcəyinə söz verir.
Sonralar «süd gölləri və bal sahilləri» ifadəsi «əlçatmaz, həyata keçməsi mümkün olmayan» sözləri ilə sinonim kimi işlədilməyə başladı.
Məsəllər, deyimlər►Nadürüstlük etmək, bir işə haram qatmaq, tamahkarlıq ucbatından halalı haram etmək.
İfadə el arasında yayılmış məşhur bir rəvayətdən qaynaqlanır.
Bir varlı adamın böyük qoyun sürüsü və əməlisaleh bir çobanı varmış. Çoban nə qədər süd sağırmışsa, artığına-əskiyinə baxmadan hamısını ağasının yanına aparırmış. Ağası isə südə su qatıb satması üçün çobana qaytarırmış. Çoban hər dəfə ağasını müsəlmanlara xəyanət etməməyə çağırır, bu işin axırının yaxşı olmayacağını xatırladırmış. Lakin ağası onun sözlərinə məhəl qoymadan mala haram qatmağa davam edirmiş.
Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir dərədə yatırıb özü bir təpənin başına dırmaşaraq orada yuxulayır. Bahar fəsli idi, birdən dağlarda güclü yağış başlayır, sel axıb dərəni doldurur və bütün qoyunlar suda boğulub ölür. Çoban şəhərə, ağasının yanına südsüz gedir. Ağası niyə əliboş gəldiyini soruşduqda çoban belə cavab verir:
– Ay ağa, sənə dedim axı, südə su qatma, xəyanət olar, sözümə baxmadın. İndi xalqa süd əvəzinə satdığın o sular bir yerə toplanıb sənin bütün qoyunlarını apardı.
Məsəllər, deyimlər►Uğurlu, təqdirəlayiq, bəyənilmiş bir işin eyni şəkildə davamlı olmasını arzulayarkən işlədilən ifadə.
İfadə məşhur «Əhməd haradadır?» filmindən (1963) qaynaqlanır.
Filmin baş qəhrəmanının yaşadığı yataqxana komendantının əvvəllər gəmidə bosman olduğu bilinir. Bu şəxsin nitqində də dənizçiyə xas olan ifadələr var: «Tam sürətlə geriyə», «Göyərtəni yuyarsınız» və s.
Filmdə komendant komissiya ilə birgə yataqxananın otaqlarını yoxlamağa gəlir. Əhmədgilin otağında isə mehmanxanada yer olmadığından Leyla gecələmiş olur. Səhər oyanan Leyla otağın bərbad, səliqəsiz olduğunu görüb orada əsl qadın təmizliyi yaradır və qapının döyüldüyünü eşidib şkafda gizlənir. Əlləri ərzaq torbaları ilə dolu olan oğlanlar otaqları yerləşən mərtəbəyə qalxarkən təmizliyi yoxlayan komissiyanın gəldiyini görüb aradan çıxmaq istəsələr də, alınmır. Ehtiyat açarı ilə qapı açılır və... gözəl, səliqəli mənzərə yoxlama qrupunu valeh edir. Otağı belə səliqəli görən yoxlama onlara yaxşı qiymət qoyub oranı tərk edərkən komendant – keçmiş gəmi bosmanı üzünü gənclərə tutub məsləhət verir:
– Sükanı belə saxla! Ardımca!
Məhz bu filmdən sonra həmin ifadə dilimizdə zərbi-məsələ çevrilib.
Məsəllər, deyimlər►Olduqca mürəkkəb və mübahisəli bir məsələnin tez, dəqiq, ən başlıcası isə ədalətli şəkildə həll edildiyini bildirmək üçün işlədilən ifadə.
İfadə Süleyman peyğəmbərin ədalətli hökmdar olması ilə bağlı bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, bir gün çox ədalətli hakim hesab olunan Süleyman peyğəmbərin yanına iki qadın gələrək onların arasındakı mübahisəni həll eləməyi xahiş edir. Qadınlardan biri deyir ki, biz eyni kişinin arvadıyıq və eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq. Dünən gecə bu qadın yuxulu ikən öz uşağını altına salıb boğmuş, sonra ölü uşağı gizlicə mənim yanıma qoyub oğlumu aparmışdır. Uşağımı ondan alıb mənə qaytarmağınızı xahiş edirəm. O biri qadın isə bütün bu sözləri ağ yalan adlandırır və uşağın onun öz övladı olduğunu bildirir.
Onların hər ikisini diqqətlə dinlədikdən sonra Süleyman sağ qalmış uşağı yanına gətirməyi əmr edir. Uşağı bələyə bükülmüş halda gətirib Süleymanın qabağına qoyurlar. O, qılıncını çıxarıb uşağın başı üzərinə qaldırır və qadınlara müraciətlə:
– Mən indi uşağı tən bölüb hərənizə yarısını verərəm, onda hər ikiniz məndən razı qalarsınız, – deyir.
Yalançı ana: «Mən sizin ədalətli hökmünüzdən çox razıyam», – deyir. Uşağın əsl anası isə Süleymanın ayaqlarına yıxılıb körpəsini öldürməməsini xahiş edir və onun iddiaçı qadına verilməsinə razı olduğunu bildirir.
Süleyman qadınların hərəkətindən uşağın həqiqi anasını müəyyən edib oğlanı əsl anasına verir, o biri qadını isə yalan danışdığı üçün cəzalandırır.
Məsəllər, deyimlər