Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

setar

Bax: setarə.

Dastanda bəzən saz əvəzinə setar işlənir.

Eyvaz öz yerində oturub fikirləşirdi ki, indi o keflənib yıxılacaq. Koroğlu isə sakitcə oturmuşdu. Eyvaz cuşa gəlib setarı götürüb çalmağa başladı. (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası

sövda1

Bax: sevda.

Darayıb zülfünü, töküb üzünə,

Sərimi sövdaya saldı, nə çarə?

                                (“Əsli və Kərəm”)

Gəlirdim çıxdı qarşıma,

Məhbub xanım, Məhbub xanım.

Sövdasın salıb başıma

Məhbub xanım, Məhbub xanım.

               (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

sövda2 ərəb.

Alver, alış-veriş. (“Koroğlu” dastanının lüğəti)

Səninlə mənim nə sövdam?

                   (“Koroğlunun İstanbul səfəri”)

Təzə sövdəgər olubsan,

Bu sövdan mübarək olsun!

Alış-veriş öyrənibsən,

Bu sövdan mübarək olsun!

                  (“Həmzənin Qıratı aparmağı”)

O şəhər sənin, bu kənd mənim, bazar açdı, sövda qurdu...

                                                      (“Koroğlunun Bayazid səfəri”)

Koroğlunun sözün yazma qələtə,

Hesab etmə qanmaza, nabələdə,

Ruqiyyə xanımı gəl ver Məmmədə,

Sən gəl bu sövdadan incimə, ay xan!

                                       (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası

seyrəqib

Bax: səgrəqib.

Mənim günüm keçər ah-zar,

Aləm olub başıma dar.

Arada seyrəqiblər var,

Oğlan, inan, mən səninəm!

                      (“Fərhad və Şirin”)

                           *

Qohum susar qohumuna, elinə,

Düşməyəsən seyrəqibin felinə.

Uyma bivəfanın şirin dilinə,

Sən gəl bu sevdadan əl çək, ay oğul.

                                       (“Fərhad və Şirin”)

                           *

Dərdli Dilsuz, çəkmə dərdi qəm, ələm,

Seyrəqib kəsibdi aranı neynim?

                       (“Dilsuz və Xəzangül”)

                           *

Saqın seyrəqibdən, alagöz sonam,

Var olsun ellərin, aman, əl aman!

                                      (“Sam şahzadə”)

Azərbaycan dastanlarının leksikası

seyraqub

Bax: səgrəqib.

Aman vəzir, əlac eylə dərdimə,

Görünmür gözümə oralar indi.

Seyraqublar yaman düşdü araya,

Necə uzaxlaşdı aralar indi.

             (“Bəhram-Gülxəndan”)

Azərbaycan dastanlarının leksikası

seyrağub

Bax: səgrəqib.

Telini daraya-daraya hamamdan çıxan Pərini görən Qurbani cusa gəlib:

Sallana-sallana çıxdı hamamdan,

Asta yeri, gözəl, sənə göz dəyər.

Seyrağublar tənə-tənə sözləri,

Yayın bədnəzərdən, sənə göz dəyər.

                          (“Qurbani. Diri versiyası”)

Azərbaycan dastanlarının leksikası

səgrəqib

Farsca “it” mənasını verən səg və ərəb mənşəli rəqib sözlərindən əmələ gəlib, it rəqib, it xasiyyətli rəqib mənasını verir.

Dialektlərdə seyrəqub “xəbərçi, araqarışdıran” mənalarında işlənir. Dastanlarda müxtəlif fonetik variantlarda rast gəlinir. Xalq arasında şoğərib şəklində də işlənir.

Sallana-sallana gələn Salatın,

Gəl belə sallanma, göz dəyər sana.

Al yaşılı geyib, qarşıda durma,

Saqın səryağıbdan söz dəyər sana.

                                                   (“Qurbani”)

                               *

Danışırıq biz qeybdən,

Xəbərin yoxdu eyibdən.

Qorxuram mən səyrəğibdən,

Nə yatıbsan, Tahir Mirzə?!

                      (“Tahir və Zöhrə”)

                               *

Yarım yenə çıxıb gülşən seyrinə

Ətrafında bağça necə, bağ necə?

Səryaqıbın tənə-tənə sözləri,

Sinəm üstə düyün necə, dağ necə?

                                          (“Şah İsmayıl”)

                               *

Yəqin bil ki, Şah İsmayıl özüdü,

İnanmayın, səyraqıbın sözüdü,

Ərin yaraşığı iki gözüdü,

Amandı, şah baba, zay etmə məni!

                                          (“Şah İsmayıl”)

                               *

Qədəm basıb hüzuruna gəlmişəm,

Qaragözlü mehribanım, oyan, yar!

Seyraqıblar girib canım qəsdinə,

Qaragözlü mehribanım, oyan, yar!

                                   (“Leyli və Məcnun”)

                               *

Vəfalı yar, durub baxma yoluma,

Mən daha məktəbə gələn deyiləm.

Seyrağıblar vaqif oldu halıma,

Mən daha məktəbə gələn deyiləm.

                                   (“Leyli və Məcnun”)

                               *

Neçə sözlərin dildədi,

Seyrağib sağı-soldadı.

Yarımın gözü yoldadı,

Halal eylə, hümbət eylə!

                        (“Müğüm şah”)

                               *

Gəl söylə eldən, ulusdan,

Seyraqıb çıxmasın yoldan.

Mehriban Mələktavusdan,

Xəbər ver sən bizə, çoban.

              (“Dilsuz və Xəzangül”)

                               *

Ahımdan asiman yanar,

İndi seryaqıb oyanar.

             (“Dilsuz və Xəzangül”)

Qeyd: Dilimizdə səksən sayı ilə yanaşı, həştad sözünün də işlənməsinin məhz səg (it) sözü ilə bağlı olduğu güman edilir. Belə ki, səksən (səg`sən) “itsən” mənasını verdiyi üçün, xüsusən də fars dilinin geniş yayıldığı Bakı dialektində bu sözdən imtina olunmasına gətirib çıxarmışdır.

Azərbaycan dastanlarının leksikası