Reklam
Reklam
Mövzu: Tarix
Alt Mövzu: Ən yeni dövr
Müəllif: Elnur Astanbəyli

Azərbaycanın ilk qadın qəzetini minbərdən niyə lənətləmişdilər?

 

Öz dövrünün tanınmış din xadimi Ələddin Sübhanquliyevin qızı Xədicə Əlibəyova Azərbaycanın ilk maarifçi qadınlarından biridir. Ələddin bəyin ailəsi Tiflisdə yaşayırdı, Xədicə xanım da 1884-cü ildə məhz orada dünyaya gəlmişdi. İlk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olunmuşdur. 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir.

O, dövrünün aydın insanlarından biri, ixtisasca hüquqşünas olan mütərəqqi fikirli yazıçı və publisist Mustafa bəy Əlibəyovla evlənmiş, onun soyadını götürmüşdür.

Görkəmli yazıçımız Mirzə Cəlil istər ədəbiyyatçı, istərsə də vəkil kimi Mustafa bəyi yüksək qiymətləndirirdi. Mustafa bəy Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə mədəni həyatın canlanmasında fəal iştirak etmişdir. Sonralar isə ailəsi ilə birgə, doğulduğu Şəkiyə köçmüşdür. Azərbaycanın sovetləşməsindən (1920-ci il) repressiya dövrünə (1937) qədər orada yaşamışdır. Repressiya zamanı “xalq düşməni” kimi ittiham olunmuş və Sibirə sürgün edilmişdir. 1945-ci ildə, 71 yaşında orada dünyasını dəyişmişdir.

Həyat yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə ginekoloq işləyib, ömrünün sonuna yaxın Bakıya köçüb və 1961-ci ildə vəfat edib.

 

Azərbaycanın ilk qadın qəzeti

Xədicə xanım Azərbaycanın ilk qadın qəzetinin əsasını qoyub. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə fəaliyyətə başlayan “İşıq” adlı həmin qəzetin ilk sayı 1911-ci il yanvarın 22-də çıxmış, onun nəşri 1912-ci ilin sonunadək davam etmişdi. Həmin müddətdə “İşıq”ın 68 sayı işıq üzü görmüşdü.

Azərbaycanın ilk qadın qəzetinin nəşrə başlamasının ertəsi günü "Kaspi" qəzeti yazırdı: "Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə… "İşıq" qəzetinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili) çapdan çıxıb. Bu maarifçi qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır. Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə deyir: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, əsasən, evdarlıq və uşaqların təlim-tərbiyəsi ilə bağlı bölmələri olacaqdır. Bundan əlavə, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.

“İşıq”da müasir dünyagörüşlü qadınların mütərəqqi fikirlərinə yer verilirdi. Onlardan biri, “İşıq” səhifələrində tez-tez məqalələrlə çıxış edən Həlimə xatun Axundova yazırdı: “Bacılarım, qeyrət vaxtıdır… Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb, tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm… Elm… Elm…”. Həlimə xanımın bir başqa məqaləsində isə deyilirdi: “Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. … Nə qədər ki, arvadlar axund, hacı, molla babanın və onun kimi həzrətlərin şəriətdən xaric hökmləri ilə dolanarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi səadətə yetəcəkdir”.

Çayqıraqlı Həyat xanımın məqaləsindən:  “Dörd divar arasında elmdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?..” 

Gəncəli Xuraman xanım Bəyzadənin məqaləsindən: “Bacılarım, onu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşır, fəqət elm çoxaldıqda bahalanır”.

 

“İşıq”ın lənətlənməsi

“İşıq” qəzetində qadın hüquqlarının qorunmasına və qadınların savadlanmasına, ümumiyyətlə, maarifçiliyə çağırışlar həmin dövrün xurafatçı, dargörüşlü din adamlarının xoşuna gəlmirdi. Bu səbəbdən də Bakıdakı minbərlərdən “Hər kim bu məcmuəni oxusa kafirdir”, “Hər kimin evində bu məcmuə olsa, o ev murdardır” kimi fətvalar verilir, “Övrət qəzetəsinin olması qiyamət nişanəsidir” deyə bildirilirdi.

Xədicə xanım həmin fətvalardan üzülsə də, maarifçi ideyaların qələbəsinə ümidini itirməyərək yazırdı:  “Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxarmağa çalışmalısınız”.