ər. – təmizlik
İslamda ehtiyacı olan müsəlmanların xeyrinə toplanan vergi.
Z.-ın hicrətdən dərhal sonra tətbiq olunduğu ehtimal edilir. Onun kökləri isə islamaqədərki tayfa adətləri ilə bağlıdır. Quranla rəsmiləşdirilmiş Z.-ı yalnız iş qabiliyyətinə malik kişilər sahib olduqları əkin sahələri, üzümlük və xurma ağacları, mal-qara, qızıl və gümüş, eləcə də əmtəədən ödəyiblər. Əkinçilik məhsullarından Z. yığım başa çatdıqdan sonra məhsulun 1/10-i, digər mallardan isə təqvim ilinin sonunda onların 1/40-i həcmində toplanıb. Yığılan vəsait qazının sərəncamına keçib və il ərzində yalnız toplandığı ərazidəki imkansızlara, şikəstlərə, yoxsullara, borcunu qaytara bilməyənlərə, Z. yığanlara, həmçinin evə qayıtmaq üçün vəsaiti olmayan gəlmələrə və qazilərə xərclənib. Əkinçilik məhsullarından alınan Z. əksər hallarda “üşr” adlandırılıb. İslam dininə görə, Z. verməklə müsəlmanlar ruhən “təmizlənir” və sahib olduqları var-dövlətdən halal şəkildə istifadə etmək hüququ qazanırlar.
Tarix terminləri lüğəti