lat. Sacae
E.ə. I minillikdə və eramızın ilk əsrlərində Orta Asiya, Qazaxıstan və Şərqi Türküstan ərazisində məskunlaşmış qədim tayfalar qrupu.
S.-ın əsas məşğuliyyəti köçəri maldarlıq olub. E.ə. VI əsrin sonu – V əsrin əvvəlində Əhəmənilərə məğlub olan S. təzminat ödəmək və İran qoşununa müəyyən sayda döyüşçü göndərmək məcburiyyətində qalıblar. Əhəmənilər ordusunun tərkibində onlar yunan-İran müharibələrində (e.ə. 500–449-cu illər) iştirak ediblər, imperiyanın müxtəlif bölgələrində xidmət göstəriblər. E.ə. II əsrin sonu – I əsrin əvvəlində digər köçəri tayfalar tərəfindən sıxışdırılan S.-ın bir hissəsi Əfqanıstan və Hindistana köç etməli olub. Müasir Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazisində yaşayan S. artıq eramızın ilk əsrlərində digər xalqlar tərəfindən assimilyasiyaya uğradılıb. Sak tayfalarının etnik mənşəyi dəqiq müəyyənləşməyib. Avropa tədqiqatçılarının əksəriyyəti onları irandilli tayfalar hesab edir, lakin S.-ın türkdilli olduqları haqqında da bəzi ehtimallar var. Şəki şəhərinin adının S.-dan miras qaldığı güman edilir.
Həmçinin bax:
Tarix terminləri lüğəti