Reklam
Reklam

Tarix terminləri lüğəti

mövləvilik

Sünni təriqəti, dərviş ordeni.

M.-in əsası XIII əsrdə sufi şairi C.Rumi (1207–1273) tərəfindən qoyulub. Müridləri ona “mövlana” (ər. – ağamız) deyə müraciət ediblər. Təriqətin adı da buradan yaranıb. Osmanlı dövlətinin zadəgan dairələri tərəfindən bəyənilən M. elitar təriqətə çevrilib, Kiçik Asiya, Suriya, Misir və Krımda geniş yayılıb. Uzun papaq (külah) qoyan mövləvilər üçün musiqi sədaları altında rəqs edərək Allahı anmaq (zikr etmək) səciyyəvi sayılır. Rəqs zamanı mövləvilər Allaha qovuşmaq məqsədilə bir nöqtədə dayanıb uzun müddət fırlana bilirlər. Bu səbəbdən də Avropada onları “fırlanan dərvişlər” adlandırırlar. Mövləvilər 1001 gün davam edən xəlvətə və tərki-dünyalığa böyük əhəmiyyət verirlər. M.-in əsas mərkəzi Konya şəhərində olub. XIV–XVI əsrlərdə bu təriqət Azərbaycanda da geniş yayılıb, lakin Səfəvi hökmdarı I Təhmasib (1524–1576) mövləvilərin hamısını ölkədən sürgün edib. 1925-ci ildə Türkiyə hökumətinin qərarı ilə mövləvilərin fəaliyyəti rəsmi olaraq dayandırılıb, lakin uzun illərdən sonra bərpa edilib.

Tarix terminləri lüğəti