Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lobbi

lat. lobium – qalereya

1. Parlamen­tin və ya hökumət qurumlarının qərar­larına təsir göstərmək yolu ilə cəmiyyətin müəy­yən dairələrinin maraqlarını müdafiə edən təşkilat, o cümlədən kütləvi informasiya vasitəsi, qrup, yaxud şəxs.

L. termininin mənşəyi haqqında müxtəlif fər­ziyyələr var. Onun Böyük Britaniya parlamentinin böyük L.-sinin (dəhlizinin) adın­dan yarandığı, daha çox isə ilk dəfə ­18-ci ABŞ prezidenti Uliss Qrant tərəfindən işlədildiyi bildirilir. U.Qrantın bəzi bio­qra­fiyalarında da əksini tapmış rəvayətə görə, o, axşamlar Vaşinq­tonda «Uillard» ho­telinin L.-sində (birinci mərtəbəsindəki geniş dəhlizində) əyləşərək siqar çəkməyi və brendi içməyi xoşlayırmış. Bura gələn bəzi siyasətçilər Qranta içki almaqla prezidentin qərar­la­rına təsir göstərməyə ça­lışırmış, ­pre­zident isə onları cəm halında L. adlan­dırırmış. Lakin BBC, Britaniyanın Oksford lüğəti L. termininin Amerikada hə­lə Qrant anadan olmamışdan azı 14 il əvvəl işlədildiyinə (1808-ci ildə Pensilvaniya şta­tında) çoxsaylı sübutlar təqdim edir. ABŞ L.-çilər liqasının keçmiş prezidenti Deanna Gelak isə hələ 1820-ci il aprelin 1-də senat üzvlərinin «nümayəndələr palatasında L.-çiliklə məşğul olduqları»nı təsdiq edən mək­tubdan sitat gətirir. Oksford lüğətinə görə, terminin mənşəyi latın sözü «lobium»la bağlıdır və o, güman ki, XVIII–XIX əsrlərin sərhədində ABŞ senatının dəh­lizlərində yaranıb.

2. Bir ölkənin başqa ölkədə ma­raqlarını təmin etmək, müsbət imicini ya­ratmaq üçün fəa­liyyət göstərən təşkilat, qrup, şəxs.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti