yun. limen – buxta
1. Dəniz suyunun düzənlik çayının mənsəbini basması nəticəsində əmələ gələn körfəz.
L. sahil xəttinin çökdüyü sahələrdə yaranır, dənizə açıq, yaxud ensiz zolaqla onunla birləşmiş olur. L.-lardan gəmiçilikdə geniş istifadə edilir, onların ətrafında sürətlə inkişaf edən şəhərlər salınır.
2. Hər hansı su hövzəsinin sahilində gəmilərin dayanması, yüklənməsi, boşaldılması üçün müvafiq infrastruktura və avadanlığa malik məntəqə.
L.-da yük gəmilərinin yan alması üçün körpülər (ticarət L.-ı), sərnişin vağzalı (sərnişin L.-ı), böyük anbarlar, təmir üçün doklar və s. olur. Onlar dəniz və çay L.-ları olaraq iki qrupa bölünür. Hərbi gəmilər üçün nəzərdə tutulmuş L. isə hərbi-dəniz bazası adlanır. Dünyanın ən böyük L. şəhərlərinə Rotterdam (Niderland), Marsel (Fransa), Antverpen (Belçika), Hamburq (Almaniya), Şanxay (Çin), Sinqapur (Sinqapur), Nyu-Orlean (ABŞ), Osaka (Yaponiya) və s. misal ola bilər.
Coğrafiya terminləri lüğəti