Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kontinent

lat. continent – davam edən torpaq

Yer qabığının əksər hissəsi dəniz səviyyəsindən yuxarıda yerləşən ən böyük torpaq parçaları, quru massivləri.

Geologiyada belə torpaq sahələrinin Dünya okeanının altında qalan kənarları və onların üzərində yüksələn adalar da K.-ə aid edilir. Yer kürəsində yeddi K. var: Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida. K. termini “qitə” və “materik” anlayışlarının sinonimidir. Lakin başqa elmi yanaşma tərzi də mövcuddur. Bu yanaşma tərzinə uyğun olaraq bəzi elmi mənbələrdə K.-lə materik fərqləndirilir: materik dedikdə hər tərəfdən dəniz və okeanlarla əhatə olunmuş ən böyük quru parçaları başa düşülür. Bu halda Dünya okeanı ilə bölünməmiş Avropa və Asiya K.-ləri vahid Avrasiya materiki kimi, Şimali və Cənubi Amerika isə vahid qitə kimi qəbul olunur, beləliklə, Yer 6 qitəyə (Amerika, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida) və 6 materikə (Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Afrika, Avstraliya, Antarktida) bölünür.

Coğrafiya terminləri lüğəti