1. Jurnalistin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin, hüquqları ilə bağlı malik olduğu təminatların, habelə vəzifələrini yerinə yetirməməyə görə daşıdığı məsuliyyətin vəhdəti.
«Jurnalistin hüquqları» və «Jurnalistin vəzifələri» maddələri 2001-ci ildə KİV haqqında qanundan çıxarılıb. Bununla belə, «jurnalist» anlayışının izahından və qanunun digər müddəalarından aydın görünür ki, jurnalistin əsas hüququ informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaqdan, başlıca vəzifəsi isə əhalini məlumatlandırmaq, həqiqəti auditoriyaya çatdırmaqdan ibarətdir. Azərbaycanda J.S. KİV-in ştatlı və redaksiya tapşırıqlarını davamlı yerinə yetirən ştatdankənar müxbirlərinə şamil edilir.
2. Cəmiyyətin sosial strukturunda jurnalistin yeri, ictimai mövqeyi.
Jurnalistin sosial statusu onun cəmiyyətin digər təbəqələri ilə münasibətlərinin xarakterini müəyyənləşdirir və ümumilikdə bu peşə nümayəndələri üçün səciyyəvi olan bir sıra əlamətlərin təsiri altında formalaşır. Həmin əlamətlər jurnalistlərin istifadə etdikləri hüquqların genişliyindən, yerinə yetirdikləri vəzifələrin mahiyyətindən, medianın professional inkişaf səviyyəsindən və s.-dən asılıdır.
Jurnalistika terminləri lüğəti