yunan ilahı Hermesin adından
Mətnin şərhi, təhlili prinsiplərindən bəhs edən ədəbiyyatşünaslıq sahəsi, fəlsəfi nəzəriyyə.
H. araşdırmaçıları “mətn hansı mənanı ifadə edir?” yox, “bu mətnlə müəllif nə demək istəmişdir?” sualına cavab tapmağa çalışırlar. Qədim yunan mifologiyasına görə, ticarət ilahı Hermesin əsas vəzifəsi Olimp ilahlarının əmr və qərarlarını insanlara çatdırmaq, bu göstərişlərin mahiyyətini onlara izah etmək idi. Beləliklə, Hermesin adı ilə bağlı olan H. elminin kökləri antik dövrə gedib çıxır. Hələ o dövrdə miflərin, ədəbi əsərlərin, ritorik mətnlərin şərhi metodologiyası işlənib-hazırlanmışdı. Daha sonra xristianların müqəddəs kitabı olan “Bibliya”nın şərhi ilə bağlı bu elm sahəsi daha da inkişaf etdi. Müasir H.-nın banisi isə alman alimi F.Şleyermaxer (1768–1834) sayılır. Onun “Dialektika”, “Tənqid”, “Hermenevtika” əsərlərində bu nəzəriyyənin əsasları şərh olunur. Şərqdə bu termin geniş yayılmasa da, “Qurani-Kərim”in şərhi üzrə çoxsaylı araşdırmaları islam mütəfəkkirlərinin H.-nın inkişafına verdikləri bir töhfə kimi qiymətləndirmək olar. Geniş mənada H. filoloji metodlara əsaslanaraq ədəbi-tarixi faktları, mətnlə müəllifin şəxsiyyəti arasındakı əlaqəni öyrənən elm sahəsidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti