Elamlıların (Elam əhalisinin) dili.
Ölü dil olan E.D. qrammatik quruluşca iltisaqi (sözün kökü dəyişmədən şəkilçi artırmaqla yeni forma əmələ gətirən) dillər qrupuna aid edilir. E.ə. III–I minilliklərdə geniş yayılmış bu dildə tarixboyu 3 yazı sistemindən istifadə olunub. E.D.-ndəki e.ə. 3100–2900-cü illərə aid ən qədim yazılı mətnlər piktoqrafik xarakterlidir. Sonralar piktoqrafik işarələr xətti yazı ilə əvəzlənib. Təqribən e.ə. 2200-cü illərdə isə mixi əlifbası xətti yazını sıxışdıraraq aradan çıxarıb. Elamın e.ə. VI əsrdə Əhəmənilər tərəfindən işğalından sonra E.D.-nin tənəzzülü prosesi başlayıb. Onun digər qədim Şərq dilləri (şumer, hurri və s.) ilə genetik qohumluğu müəyyənləşməyib. E.D.-nin türk, Qafqaz, dravid və s. dilləri ilə qohumluğu barədə ehtimallar irəli sürülsə də, bunlar hələlik fərziyyə olaraq qalır.
Tarix terminləri lüğəti