türkcə
Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi.
Mahiyyət etibarilə B. çölün sinonimidir, lakin bəzi xüsusiyyətlərinə görə digər çöllərdən (pampa, preri, step, lyanos) fərqləndiyi üçün onun bir forması hesab edilə bilər. Burada yarımsəhra – B. bitkiləri (yovşan, bozqır pişikquyruğu, çobantoxmağı və s.), çim əmələ gətirən taxıl otları yayılıb. Ağac və kol növlərindən tək-tək, yaxud qrup halında bitən qaratikan, ardıc, dağdağan, iydəyarpaq armud və badama rast gəlinir. B.-dan otlaq kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri əkmək üçün istifadə olunur. B.-lar Azərbaycanda, əsasən, Böyük Qafqazda – Bozqır yayla ərazisində və Kiçik Qafqazın dağətəyi, orta dağ-meşə zonalarında yayılıb. Türkiyədə də B.-a çox rast gəlinir. Hətta Türkiyənin Konya vilayətində B. inzibati ərazi vahidi və şəhər adıdır.
Coğrafiya terminləri lüğəti