yun. aster – ulduz + yun. eidos – görünüş
Günəş ətrafında dövr edən, planetlərə nisbətən daha kiçik ölçülərə malik bərk səma cismi.
Əsasən, qeyri-düzgün formalı A.-in atmosferi olmur. Kaliforniya Texnologiya İnstitutunun NASA ilə birgə laboratoriyasının məlumatına görə, 2015-ci ilə qədər səmada 670.474 obyekt qeydə alınıb ki, bunların da mütləq əksəriyyəti Marsla Yupiterin orbitləri arasında fırlanan A.-lərdir. A. Günəş sisteminin digər səma cisimlərindən, əsasən, ölçülərinə görə fərqlənir. Bir çox elmi mənbələrdə onlar “kiçik planetlər” adlandırılır. Lakin 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı bütün səma obyektlərini üç qrupa – planetlər, cırtdan planetlər, Günəş sisteminin kiçik cisimlərinə bölüb və A.-ləri sonunculara aid edib. Bununla belə, hansı ölçüdən böyük A.-in cırtdan planet, hansı ölçüdən kiçik A.-in isə meteoroid adlandırılmalı olduğu müəyyənləşdirilməyib. Britaniyanın Astronomiya Kral Cəmiyyəti diametri 10 m-dən, bəzi elmi mərkəzlər diametri 30 m-dən, digərləri 50 m-dən çox olan səma cisimlərini A. adlandırmağı təklif edir. Serera A.-i cırtdan planetlər kateqoriyasına keçirildikdən sonra (2006) Günəş sistemində ən böyük A. diametri təxminən 600 km olan Pallada hesab edilir. A. terminini elmə ingilis əsilli alman astronomu Uilyam Herşel daxil edib.
Coğrafiya terminləri lüğəti