Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ZƏKİYƏ

ərəb. zaki sözündən olub, ağıllı, tez başa düşən, tez dərk edən mənalarını ifadə edir.

Dilimizin antroponimik vahidlər sistemində mövcud Zəkiyyə qadın adı İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Zəkiyyə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızı Fatimənin(bax: ad – SİDDİQƏ) ləqəbindən formalaşmış addır. İslam dini ilə əlaqədar bəzi rəvayətlərdə belə qeyd edilir ki, insanlar Fatiməni tanımaqda acizdirlər, onun Fatimə adlandırılması buna görədir ki, xanımın yerinə yetirəcəyi bütün işləri ağılla, kamalla yerinə yetirir, bu səbəbdən də cəhənnəm atəşindən çox-çox uzaqdır. O, məhz elm və kamal vasitəsilə başqalarından qat-qat fərqlənir. Allah-taala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Fatimənin həm də Siddiqə (bax:ad – SİDDİQƏ), Mubarəkə (bax: ad – MÜBARƏK), Tahirə (bax: ad – TAHİRƏ), Raziyyə (bax: ad – RAZİYƏ), Mərziyyə (bax: ad – MƏRZİYYƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı məlumdur. Dini rəvayətlərə əsasən, göylərdə Fatiməyə Nuriyyə (bax: ad – NURİYƏ), Səmaviyyə (bax: ad – SƏMAYƏ), Haniyyə (bax: ad – ZƏHRA) də deyilmişdir. Bu adların, demək olar ki, hamısı dilimizin antroponimik vahidlər sistemində müstəqil qadın adları kimi mövcuddur. XX əsrdə məişətimizdə geniş yayılmış Zəkiyə qadın adı artıq müşahidəediləcək dərəcədə azalmışdır. Hazırda adın daşıyıcıları yalnız orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti