danim. Vikinger; isveç. Vikingar; norv. Vikingene
VIII əsrin sonu – XI əsrin ortalarında skandinaviyalıların dəniz yürüşlərinin iştirakçıları.
Skandinaviya ölkələrində onları V., Qərbi Avropada isə normanlar adlandırıblar. Gəmiçiliyin inkişafı hələ qədimdən mahir dənizçilər olan V.-ə təkcə Baltik dənizində deyil, həm də Şimali Atlantika və Aralıq dənizi sularında üzmək imkanı verib. İlkin mərhələdə (VIII əsrin sonu – IX əsr) V.-in yürüşlərində qarətçilik məqsədi əsas yer tutsa da, IX əsrin sonlarından başlayaraq onlar zəbt olunmuş ərazilərin tədricən məskunlaşdırılmasına başlayıblar. X əsrin sonunda Qrenlandiyanı kəşf etmiş V. oradan Şimali Amerika sahillərinə qədər çatıblar. Elə həmin dövrdə Skandinaviya ölkələrində kral hakimiyyətinin formalaşması prosesi başlayıb. V.-in yürüşləri XI əsrin ortalarında başa çatsa da, onların varisləri sayılan Normandiya sakinləri həmin əsrin II yarısında İngiltərə, eləcə də Cənubi İtaliya və Siciliyanı tutublar. 1130-cu ildə onlar burada Siciliya krallığının əsasını qoyublar. Bəzi ehtimallara görə, V. termini qədim norveç dilində “limandan olan adam” anlamını verən “vikingr” sözündən yaranıb. Digər mülahizəyə əsasən, bu termin qədim norveç dilindəki “vikja” (“tərk etmək, uzaqlaşmaq”) sözündən əmələ gəlib.
Tarix terminləri lüğəti