ərəb. samaya (samaviyya) sözündəndir. Əslində səmaviyyə sözündən olub, dilimizdə Səmayə formasında olan qadın adı səmavi, səmaya aid olan, göyə məxsus olan mənasındadır.
Səmayə qadın adı Azərbaycan şəxs adları sistemində İslam dini ilə əlaqədar qadın adlarındandır. Məlum olduğu kimi, müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin, eləcə də onun ailə üzvlərinin, yaxınlarının adlarından, ləqəblərindən formalaşmış şəxs adları geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də yer almış Səmayə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızı Fatimənin (bax: ad – FATİMƏ) adı ilə bağlıdır. Onun həm də Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra kimi doqquz adı olduğu məlumdur. Dini rəvayətlərə əsasən, göylərdə Fatiməyə Səmaviyyə, Nuriyyə (bax: ad – NURİYƏ), Haniyyə (bax: ad – ZƏHRA) də deyilmişdir. İslam dini ilə əlaqədar mənbələrdə Fatimənin qadın üçün ən ali cəhətləri birləşdirdiyindən hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş mənasını ifadə edən “Səmaviyyə” adlandırılmasının əsas səbəbi onun gündə üç dəfə nurlu camalının həzrət Əli üçün cilvələnməsi kimi qeyd edilmişdir. Başqa sözlə, Fatimənin nurlu çöhrəsi əmirəlmöminin Əli üçün sübh tezdən doğan Günəş, günorta nur saçan Ay və axşam parlaq ulduz kimi imiş. Hədislərdə də həzrət Əliyə istinadən qeyd edilir ki, mübarək ramazan ayında Ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimənin nuru Ayın nurunu üstələyirmiş, yəni Fatimə evə girərkən ayın işığı sanki yenidən aşkar olurmuş. Beləliklə, ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Fatimə Səmaviyyə, Nuriyyə, eləcə də Haniyyə adlarını da almışdı. Dilimizin antroponimik vahidlər sistemində Səmaviyyə adı bu gün Səmayə şəklində mövcuddur. Adın təhrif olunmuş formaları Samaya, Samayə, Samayı da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Qeyd etmək lazımdır ki, XX əsrdə məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Səmayə bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Hazırda adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti