Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qəzet

Müəyyən dövriliklə kağız vərə­q­lər­də nəşr olunan mətbuat orqanı.

E.ə. 59-cu ildə Romada gündəlik hazırlanan Acta ­diurna («Gündəlik işlər») xəbər löv­hələrini şərti olaraq «Q.-lərin əcdadı» he­sab etmək olar. Lakin müasir qəzetlərə bənzəyən ilk belə nəşr 1631-ci ilin mayında Fransada işıq üzü görmüş La Gazette-dır. Q. termininin etimologiyası barədə müx­təlif fərziyyələr mövcuddur. Onun  fransız sözü «gai» (zığ-zığ quşu), italyan sözü «gaz­za» (sağsağan), Aralıq dənizi sahilində qə­dim vilayət adı Qa­za və Venesiyada xırda pul vahidi gazetta-dan yarandığı barədə ehtimallar var. Orta əsrlərdə Venesiyada satılan xəbər bül­letenlərinin qiymətinin bir qazetta ol­du­ğunu nəzərə alaraq əksəriyyət sonuncu ehtimala üstünlük verir. Müasir Q.-lər ictimai-siyasi həyatın aktual məsə­lələrinə dair xəbər və şəkillərdən, təhlil yazılarından, ayrı-ayrı mövzularda (elm, iq­tisadiyyat, ­mə­dəniyyət, idman, hüquq və s.) məqa­lə­lər­dən, əyləncəli materiallardan, reklam­lardan ibarətdir. İnternet yaran­dıq­dan sonra Q.-lərin elektron variantları da hazırlanmağa başlayıb, XXI əsrin əvvəlində dünya iqtisadi böhranından sonra isə bir sıra qəzetlər, o cümlədən transmilli nəşrlər kağız üzərində çapını dayandıraraq yalnız elektron variant­larını saxlayıb. Q.-lərin dövriliyinə (gün­dəlik, həftəlik, aylıq), yayım dairəsinə (ümum­milli, şəhər, rayon, universitet), əsas mövzusuna (ictimai-siyasi, hü­quq, idman, təhsil, ədəbiyyat, reklam və s.), bir sıra digər xüsusiyyətlərinə görə təs­nifatı apa­rılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti